Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir H.Vəliyev/
"Komtec" şirkəti və "Nikoyl Bank" MilliÖN özünəxidmət terminalları vasitəsilə kreditlərin ödənilməsi xidmətini işə salıb. Bu barədə Trend-ə "Komtec" şirkətindən məlumat verilib.
Şirkətdən deyildiyi kimi, kreditin ödənişi üçün ekranda "Bank xidmətləri" bəndini seçmək, "Nikoyl Bank"ı işarələmək, sonra uyğun olan sahələrə hesabın və müqavilənin nömrəsini, lazımi məbləği daxil etmək və çeki almaq lazımdır.
Pul vəsaitlərinin köçürülməsi real vaxt rejimində həyata keçirilir. Kreditlərin ödənişi üçün komissiya tutulmur.
MilliÖN şəbəkəsi Azərbaycanın bütün regionları üzrə 5 mindən artıq nöqtədə fəaliyyət göstərir.