...

Azərbaycanlı alim və tələbələr CERN-in layihəsində iştirak edəcəklər

Telekommunikasiya Materials 13 Oktyabr 2015 14:26 (UTC +04:00)
CERN-in (Avropa Nüvə Araşdırmaları Təşkilatı) ALİCE (A Large Ion Collider Experiment) təşkilatının rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.
Azərbaycanlı alim və tələbələr CERN-in layihəsində iştirak edəcəklər

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

CERN-in (Avropa Nüvə Araşdırmaları Təşkilatı) ALİCE (A Large Ion Collider Experiment) təşkilatının rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir. Səfər çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) ALİCE-in sədri, professor Paolo Giubellinonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Trend-in nazirliyə istinadən verdiyi məlumata görə, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun rəhbərliyi ilə keçirilən görüşdə nazirliyin yüksək texnologiyalar sahəsində apardığı işlər barədə məlumat verilib.

Nüvə texnologiyaları, nüvə elmlərinin RYTN üçün yeni fəaliyyət istiqaməti olduğunu nəzərə çatdıran birinci müavin ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu əməkdaşlıq azərbaycanlı alim və tələbələrin Böyük Adron Kollayderində fəaliyyət göstərən ALİCE-də iştirakına imkan verəcək.

Eyni zamanda, RYTN-in inşa etdiyi Tier III səviyyəli regional DATA mərkəzi (Məlumatların Emalı və Saxlanılması Mərkəzi) haqda məlumat verilib. Böyük imkanlara malik bu mərkəzin CERN-də istifadəsi müzakirə olunub, xüsusilə DATA mərkəzdə ALİCE təcrübəsində toplanmış məlumatların analizi və saxlanılmasından danışılıb.

Milli Nüvə Tədqiqatları Mərkəzinin (MNTM) infrastrukturu və DATA Mərkəzlə tanış olduqlarını qeyd edən Professor Paolo Giubellino qısa zamanda görülən işləri yüksək qiymətləndirib. Sonra professor Paolo Giubellino ALİCE haqqında məlumat verib. O qeyd edib ki, hazırda ALİCE-nin 37 ölkədən 1550 iştirakçısı var. Professorun sözlərinə görə, ALİCE təcrübəsində kainatda 14 milyard il bundan əvvəl olan şəraiti almaq mümkündür. Bu missiyanı yerinə yetirmək üçün ALİCE təcrübəsində qabaqcıl texnologiyalardan və hesablama üsullarından istifadə olunur. Bura xüsusilə nəhəng kompüter şəbəkələrinin quraşdırılması, böyükhəcmli məlumatların emalı daxildir. Görüşdə ALİCE təcrübəsi ilə Milli Nüvə Tədqiqatları Mərkəzi arasında əməkdaşlıq memorandumunun imzalanması da müzakirə edilib.

Qeyd edək ki, görüşdə ALİCE şurasının sədri, professor Peter Braun-Munzinger, ALİCE təcrübəsində Ukrayna qrupunun rəhbəri, professor Gennady Zinovyev və digər rəsmi qonaqlar iştirak ediblər.

Ölkəmizə səfərini davam etdirən qonaqlar RYTN tərəfindən Bakı Dövlət Universitetində təşkil olunan və azərbaycanlı alim və tələbələr üçün nəzərdə tutulan seminarda da çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti