...

Ramin Quluzadə: Azərbaycan türkdilli ölkələr arasında infrastruktur layihələrinin inkişafı üçün səylərini əsirgəmir (FOTO)

Telekommunikasiya Materials 29 Noyabr 2016 18:10 (UTC +04:00)
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin informasiya kommunikasiya texnologiyaları üzrə birinci nazirlər toplantısı keçirilib.
Ramin Quluzadə: Azərbaycan türkdilli ölkələr arasında infrastruktur layihələrinin inkişafı üçün səylərini əsirgəmir (FOTO)

Bakı. Trend:

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin informasiya kommunikasiya texnologiyaları üzrə birinci nazirlər toplantısı keçirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə keçirilən iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Respublikasının sahə üzrə nazirləri və nazir müavinləri iştirak edib.

İclasda İKT-nin inkişafına yönələn çoxtərəfli əməkdaşlıq mexanizmləri və yeni imkanların araşdırılması, regional inkişafı dəstəkləyən təşəbbüs və təkliflər müzakirə olunub.

Salamlama nitqi ilə çıxış edən rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin İKT üzrə birinci Nazirlər Toplantısı dövlət başçıları tərəfindən dəstəklənən təşəbbüsün reallaşdırılması istiqamətində müzakirələrin aparılması, fəaliyyət istiqamətlərinin müəyyən olunması üçün təşkil edib.

Nazir qeyd edib ki, türkdilli ölkələr arasında iqtisadi və infrastruktur layihələrinin uğurlu inkişafı üçün Azərbaycan səylərini əsirgəmir. İnfrastruktur layihələri haqqında danışan nazir Azərbaycan Respublikası Hökumətinin təşəbbüsü olan “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin önəmini qeyd edib.

R.Quluzadə bildirib ki, böyük coğrafi ərazini əhatə eden turk dövlətləri mövcud imkanlardan faydalanmaqla TASİM kimi infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində real addımlar atılmalıdır.

Nazir təklif edib ki, regionda genişzolaqlı internet bağlantısının inkişaf etdirilməsi işçi qrupunun fəaliyyət istiqamətlərindən birini təşkil etsin:“Əminəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində ildə iki dəfə keçiriləcək İKT üzrə işçi qrupunun iclasları və hər il təşkil olunacaq Nazirlər Toplantısı dövlətlərimiz arasında bu sahədə əməkdaşlığa təkan verəcək və yeni bir platforma rolunu oynayacaq”.

İclasda Türk Şurasının Baş katibi səfir Ramil Həsənov, Türkiyə nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan, Qazaxıstanın informasiya və kommunikasiya nazirinin müavini Alan Azhibayev, Qırğızıstan İnformasiya Kommunikasiya Texnologiyalar Dövlət Komitəsinin sədri Bakat Şarşembiev çıxış ediblər. Qeyd edilib ki, türkdilli dövlətlərin peyk xidmətlərindən, elektron hökumət həlləri, kiber təhlükəsizlik istiqamətləri üzrə əməkdaşlıq əlaqələrinin genişləndirməsi üçün potensial imkanlar mövcuddur. Buna görə də, Şuraya üzv olan ölkələr perspektiv layihələrdə bu imkanlardan faydalanmalıdırlar.

Daha sonra, Türkiyə Poçt və Teleqraf Təşkilatı ilə “Azərpoçt” MMC arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Müzakirələrin sonunda İşçi Qrupunun kiber təhlükəsizlik, “Elektron-hökumət”, TASİM layihəsi və peyk xidmətləri üzrə 4 alt qrupun yaradılması ilə bağlı qərar qəbul edilib.

Xatırladaq ki, İKT sahəsində İşçi Qrupunun yaradılması təşəbbüsü Türk Şurasının sonuncu zirvə görüşündə Azərbaycan Respublikası tərəfindən irəli sürülüb və dövlət başçıları tərəfindən dəstəklənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti