...

“Əşyaların interneti” dünyanı dəyişdirəcək texnologiyalar arasında ilk sıralarda yer alır (FOTO)

Telekommunikasiya Materials 29 Noyabr 2016 18:20 (UTC +04:00)
Bakıda “Bakutel” sərgisi çərçivəsində “Əşyaların İnterneti. Növbəti nəsil” mövzusunda konfrans işinə başlayıb.
“Əşyaların interneti” dünyanı dəyişdirəcək texnologiyalar arasında ilk sıralarda yer alır (FOTO)

Bakı. Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) təşkilatçılığı, “Huawei” şirkətinin sponsorluğu ilə “Bakutel-2016” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində “Əşyaların İnterneti. Növbəti nəsil” mövzusunda konfrans işinə başlayıb.

RYTN-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransda “Huawai”, “SAP” və “Cisco” kimi qlobal informasiya texnologiyaları şirkətlərinin, eləcə də yüksək texnologiyalar sahəsi üzrə bir sıra beynəlxalq təşkilatların, konsaltinq qurumlarının, mikrosxem/modul/avadanlıq təchizatçılarının və mobil operatorların nümayəndələri iştirak edirlər.

Konfransda qeyd edilib ki, “Əşyaların interneti” Dünya İqtisadi Forumunun qiymətləndirməsində dünyanı dəyişdirəcək texnologiyalar arasında ilk sıralarda yer alır və bu texnologiyaların yaxın 10 ildə dünya iqtisadiyyatında əsas trend olacağı proqnozlaşdırılır.

Məlumat verilib ki, bəzi ölkələr artıq bu istiqamətdə milli strategiya, fəaliyyət planları qəbul ediblər, dövlətlər tərəfindən bu sahədə elmi tədqiqatlara ayrılan vəsaitlər artırılır, startapları bu işə cəlb etmək üçün qrantlar ayrılır, güzəştli kreditlər verilir, eyni zamanda gələcəyin kadrları hazırlanır.

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Zhao isə “Əşyaların interneti” sahəsində əsas inkişaf perspektivləri haqda danışıb.

“Bakutel” sərgisində ötən illərdə də iştirak etdiyini vurğulayan baş katib hər il burada iştirak edən şirkətlərin tərkibinin zənginləşdiyini, sərgiyə xüsusən Avropa ölkələrindən yeni şirkətlərin qatıldığını diqqətə çatdırıb: “Bizim region İT sahəsində ən dinamik inkişafa yol açan region hesab olunur. Son illər yalnız bu regionda deyil, bütün dünyada mobil telefon satışı dövriyyəsinin artımının şahidi oluruq”.

Son 10 ildə bu sahədə yaxşı göstəricilərin əldə olunduğunu deyən BTİ rəsmisi bu baxımdan, “Əşyaların interneti”nin inkişafının vacibliyini önə çəkib. H.Zhao qeyd edib ki, mobil şəbəkə və cihazların inkişaf etdirilməsində səylər artırılmalıdır.

Baş katib Azərbaycanın bu sahədə düzgün istiqamət seçdiyini də diqqətə çatdırıb: “Azərbaycanda İKT sahəsində tərəqqi müşahidə olunur və İKT-nin digər sahələrə təsiri də özünü göstərir. Azərbaycanda bu sahəyə dövlət səviyyəsində dəstək verilir və bu sahənin inkişafı hökumətin gündəmindədir”.

Regional Rabitə Birliyinin (RRB) icraçı direktoru Nuriddin Muxiddinov RRB ölkələrində “Əşyaların interneti” ilə bağlı vəziyyət haqda məlumat verərək, bu sahənin gələcək inkişafı üzrə perspektiv və gözləntilərdən söz açıb.

Tədbirdə “Huawai” , SAP və “Cisco” kimi qlobal şirkətlərin nümayəndələri də çıxış edərək, sahənin inkişafı üzrə təcrübə və fikirlərini paylaşıblar.

Qeyd edək ki, iki gün davam edəcək tədbir çərçivəsində “İKT strategiyası və “Əşyaların İnterneti”nə dair Planlar”, “Əşyaların İnterneti” Mühiti və Marketinq Təhlili” ilə bağlı yeni biznes imkanları kimi mövzular müzakirə olunacaq. Konfransda, həmçinin mobil operatorlar tərəfindən idarəetmənin təkmilləşdirilməsi, rəqəmsallaşdırma və biznes inkişaf strategiyaları müzakirə olunacaq.

Eyni zamanda, forumda “ağıllı əşya”lar sənayesinin inkişafı üçün açıq və neytral platformanın yaradılması, bu sahədə yaranan problemlər və gələcək inkişaf perspektivləri ilə bağlı məsələlərə xüsusi diqqət yetiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti