Bakı. Trend:
Bu gün Azərbaycanın ilk telekommunikasiya peyki ”Azerspace-1” peykinin orbitə buraxılmasının dördüncü ildönümüdür.
Rabitə və Yüksək Texnologiyalar nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, son illərdə Azərbaycanda qeyri-neft sektorunun ümumi iqtisadi artımda ön planda olması, informasiya və kommunikasiya texnologiyaları sahələrinin, xüsusilə kosmik sənayenin davamlı inkişafına təkan verib. Beləki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2009-cu ilin avqust ayında “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanması ilə ölkəmizdə kosmik sənayenin inkişafının yeni mərhələsi başladı. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (“Azərkosmos” ASC) təsis edildi.
“Azerspace-1” telekommunikasiya peyki 8 fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan region) yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfindən istehsal olunan və Fransanın “Arianespace” şirkəti tərəfindən öz yüksək etibarlılığı ilə seçilən “Ariane-5” daşıyıcı raket ilə orbitə buraxılan “Azerspace-1” peyki 19 fevral tarixində 46° Şərq uzunluğunda yerləşən orbital mövqeyinə çatdı. “Arianespace” şirkəti üçün “Azerspace-1” peykinin buraxılışı 2002-ci ildən etibarən həyata keçirilən 54-cü ardıcıl uğurlu buraxılış hesab olunur. “Azerspace-1” peyki “Orbital Sciences” korporasiyası tərəfindən hazırlanan və hazırda 20-dən çox fəal peykin üzərində uğurla fəaliyyət göstərdiyi STAR-2 peyk platforması əsasında yığılıb. Ən azı 15 illik istismar müddəti nəzərdə tutulan “Azerspace-1” peykinin uğurlu buraxılışı və orbitdə olduğu ötən dövr ərzində aparılan effektiv idarəetmə nəticəsində bu müddət 15 ildən 16,3 ilədək artırılıb.
“Azerspace-1” peyki 46° dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşərək Afrikanın ən ucqar nöqtəsindən Avropa, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunadək dünyanın 1/3 hissəsini əhatə etməklə, 50-dən artıq ölkəni birləşdirən kosmik məkanda mühüm rol oynayır. “Azərkosmos” ASC operatoru olduğu “Azerspace-1” peyki vasitəsilə teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən eləcə də, özəl sektordan olan müştərilərini birbaşa peyk yayımı, səs, video, məlumat, mobil rabitə xidmətləri ilə təmin edilməsi istiqamətində fəaliyyət göstərməkdədir. “Azərkosmos” ASC-nin xidmətlərinin alıcıları əsasən xarici ölkələrdəki qurumlar olduğundan onun fəaliyyəti əsasən ixraca istiqamətlənib.
Bugünədək tutumlarının 78%-nin satışı reallaşdırılmış “Azerspace-1” peykinin kommersiya fəaliyyətindən 50 milyon ABŞ dollarından çox vəsait əldə edilib. Dünya peyk xidmətləri bazarına daxil olduğu bu 4 il ərzində potensial müştərilərin cəlb edilməsi və peykin yerləşdiyi orbital mövqenin tanıdılması istiqamətində intensiv fəaliyyət həyata keçirilib.
2014-cü ildə “Azərspace-1” peyki vasitəsilə ilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayıb. Hazırda “Azerspace-1” peykində Azərbaycan, rus, ukrayna, gürcü, türk dillərində ümumilikdə 30 televiziya və 17 radio kanalı yayımlanmaqdadır.
Qeyd edək ki, Azərkosmos Bakı 2015 İlk Avropa Oyunlarının peyk xidmətləri üzrə rəsmi təchizatçısı funksiyasını həyata keçirib. Oyunlar zamanı görüntünün dünyanın 74 beynəlxalq yayım mərkəzinə çatdırılması Azərkosmosun operatoru olduğu “Azerspace-1” peyki üzərindən həyata keçirilib. Beləliklə Azərkosmos oyunların ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına yüksək keyfiyyətlə və fasiləsiz çatdırılmasında mühüm rol oynayıb.
Eyni zamanda, 2015-ci ildə Azərbaycan Milli Məclisinə, Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilər, Gürcüstanda keçirilən Yüngül Atletika üzrə Avropa Çempionatı, Qırğızıstanda təşkil olunan ikinci Dünya Köçəri Oyunları və.s “Azerspace-1” peykinin resurslarından istifadə olunmaqla canlı yayımlanıb.
Cari il ərzində “Azərkosmos” və Gürcüstanın The Georgian Public Broadcasting (GPB) şirkəti arasında Adjara TV, 2TV, Maestro TV, Saperavi TV, Palitra TV, Trialeti TV kanallarının kommersiya yayımına dair müqavilələr imzalanıb.
Bununla yanaşı, “Azərkosmos” artıq Azərbaycan, Malayziya, Rusiya, Almaniya, Ukrayna, Misir, Gürcüstan, Birləşmiş Ərəb Əmirliyi, Türkiyə, Livan, Kamerun Birləşmiş Krallıq, Qırğısıztan, Tacikistan, Estoniya, Belarus kimi ölkələrdən müxtəlif sektorlar üzrə TV və radio kanallar, teleradio yayım şirkətləri, data provayderləri, dövlət qurumları və digər telekommunikasiya şirkətlərindən olan müştərilərə yüksək keyfiyyətli peyk xidmətləri göstərir. Ümumilikdə, “Azerspace-1” peykinin göstərdiyi teleradio, data və telekommunikasiya xidmətləri vasitəsilə 19 ölkədən olan müştəri bazasının yaradılması 2014-cü ildən etibarən irəliyə atılan uğurlu addımlardan hesab olunur.
“Azərkosmos” ASC fəaliyyətə başladıqdan bəri peyk sənayesində yerli kadr hazırlığına xüsusi önəm verib. Kosmik sənaye Azərbaycan Respublikası üçün yeni bir sahə idi və müstəqil peykimizin idarəolunması, bu sahədə yüksək ixtisaslı kadrların yetişdirilməsi zərurətini ortaya çıxardırdı. Yüksək ixtisalı kadrların hazırlanması üçün müxtəlif təlim proqramlarına əsasən, “Azərkosmos” əməkdaşları şirkətin partnyorları olan ABŞ-nin “Orbital Sciencies” və Malayziyanın “Measat Satellite Sistems” şirkətlərində qısa və uzun müddətli nəzəri və təcrübi stajkeçmə təlimləri ilə yanaşı, Böyük Britaniyanın, Çinin, Almaniyanın tanınmış təlim şirkətlərində ixtisasartırma kurslarında iştirak edib. Bu gün “Azerspace-1” peyki yerli mütəxəssislər tərəfindən uğurla idarə olunur. “Azərkosmos”da peyk sənayesində ixtisaslaşmış yüksək ixtisaslı kadrlar yetişib və onların əldə etdiyi bilik və bacarıqlar telekommunikasiya peyklərininin idarə olunmasında növbəti nəsil kadrların yetişdirilməsində mühüm rol oynayacaq.
“Azərkosmos” ASC fəaliyyətə başladıqdan bəri peyk sənayesində yerli kadr hazırlığına xüsusi önəm verib. Kosmik sənaye Azərbaycan Respublikası üçün yeni bir sahə idi və müstəqil peykimizin idarəolunması, bu sahədə yüksək ixtisaslı kadrların yetişdirilməsi zərurətini ortaya çıxardırdı. Yüksək ixtisalı kadrların hazırlanması üçün müxtəlif təlim proqramlarına əsasən, “Azərkosmos” əməkdaşları şirkətin partnyorları olan ABŞ-nın “Orbital Sciencies” və Malayziyanın “Measat Satellite Sistems” şirkətlərində qısa və uzun müddətli nəzəri və təcrübi stajkeçmə təlimləri ilə yanaşı, Böyük Britaniyanın, Çinin, Almaniyanın tanınmış təlim şirkətlərində ixtisasartırma kurslarında iştirak edib. Bu gün “Azerspace-1”peyki yerli mütəxəssislər tərəfindən uğurla idarə olunur. “Azərkosmos”da peyk sənayesində ixtisaslaşmış yüksək ixtisaslı kadrlar yetişib və onların əldə etdiyi bilik və bacarıqlar telekommunikasiya peyklərininin idarə olunmasında növbəti nəsil kadrların yetişdirilməsində mühüm rol oynayacaq.
“Azərkosmos”un strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2017-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı planlaşdırılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. “Azerspace-2” regionda artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1” orbitdəki ehtiyatı olacaq və “Azərkosmos”a müştərilərinə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin, Azerspace-2 sayəsində şirkətin əhatə zonası da genişlənəcək.
Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1”peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2017-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən ala bilərsiniz.