...

Rusiyanın “100-cü kosmonavtı” “Azərkosmos”da olub

Telekommunikasiya Materials 17 Noyabr 2017 18:21
Rusiyanın “100-cü kosmonavtı” Oleq Kotov “Azərkosmos” ASC-yə səfər edib.
Rusiyanın “100-cü kosmonavtı” “Azərkosmos”da olub

Trend-i buradan izləyin

Bakı. Trend:

Rusiyanın Qəhrəmanı, “100-cü kosmonavtı” Oleq Kotov “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (ƏYPİM) səfər edib.

“Azərkosmos” ASC-dən Trend-ə verilən məlumata görə, Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev və akademiyanın əməkdaşlarından ibarət nümayəndə heyəti səfərdə iştirak edib.

Görüş zamanı qonaqlara Azərkosmosun fəaliyyəti, idarəçiliyində olan peyklər və şirkətin gələcək planları barədə geniş məlumat verilib. Daha sonra O. Kotov "Rusiyanın pilotlaşdırılmış kosmonavtikasının inkişafı üçün perspektiv proqram" mövzusunda təqdimatla çıxış edib. Kosmonavt tədbir iştirakçıları ilə kosmik məkanın tədqiqi və öyrənilməsi sahəsində öz şəxsi təcrübəsini bölüşüb.

Oleq Kotov öz növbəsində göstərilən diqqətə görə təşəkkürünü bildirərək Azərbaycanda kosmik fəaliyyətin uğurla həyata keçirildiyini və bu sahədə kifayət qədər ixtisaslı kadrların yetişdiyini qeyd edib.

Görüşün sonunda kosmonavta Azerspace-1 peykinin modeli hədiyyə olunub və xatirə şəkli çəkilib.

Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. Daha ətraflı məlumatı “www.azercosmos.com” internet səhifəsindən ala bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti