Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycan "Startup Ecosystem Rankings 2019" reytinqində mövqeyini yaxşılaşdıraraq 67-ci yerdə qərarlaşıb.
Trend-in məlumatına görə, bu barədə "StartupBlink" dünya startaplar kartoqrafiya xidmətinin tərtib etdiyi reytinqdə deyilir.
Reytinq tərtib olunarkən 100 ölkə və 1000-dən çox şəhərdən məlumatlar nəzərə alınıb. Azərbaycan əvvəlki reytinqlə müqayisədə bir pillə yüksəlib.
Paytaxt Bakı isə öz növbəsində 55 pillə yüksələrək 302-ci yerdə qərarlaşıb.
Reytinq müəllifləri hesab edir ki, Azərbaycanda dəyəri qısa müddət ərzində milyard dollardan çox arta biləcək ilk startap 2025-ci ilədək peyda ola bilər.
Müəlliflər onu da bildirir ki, Azərbaycanın əsas məqsədi Bakının daha güclü regional qovşağa çevrilməsi və daha çox lokal ekosistemin yaradılması olmalıdır.