...

HP və qeyri-kommersiya təşkilatı Bakıda treninq mərkəzi açır

Telekommunikasiya Materials 31 İyul 2007 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanda fəaliyyət göstərən Newlett Rackard (HP) nümayəndəliyi çərşənbə axşamı ölkədə yeni "Yeni sahibkarlar üçün İT-də Biznes" - GET-İT (Graduate Entrepreneurship Training through IT) proqramını həyata keçirməyə başladığını elan edib.

Sözügedən proqram peşəkar İT-hazırlığına ehtiyacı olan tədris ocaqları məzunlarına və işsiz gənclərə İT və biznesin aparılması sahələrində lazımi bilik və bacarıqların tədris edilməsi üçün nəzərdə tutulub.

HP proqramı çərçivəsində Azərbaycanda fəaliyyət göstərən "MƏDƏD" təşkilatına avadanlıq təqdim edilib, təşkilatın bir nümayəndəsinin təlimatçı treninqlərində iştirakı üçün imkan yaradılıb. Proqrama uyğun olaraq HP və "MƏDƏD" Bakıda treninq mərkəzi yaradacaq. Mərkəzdə gənc sahibkarlar üçün təlimlər təşkil olunacaq. Bu təlimlər zamanı gənc sahibkarlar müxtəlif biznes-məsələlərinin həlli yollarını öyrənəcəklər.

"Dünyanın 18 ölkəsində həyata keçirilən proqramın reallaşmasında əsas məqsəd yeni nəsil arasında müasir texnologiyaların yayılmasına və onların fəaliyyətlərinin effektivliyinin artırılmasına kömək etməkdir" - deyə HP şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov qeyd edib.

Onun sözlərinə görə, insan resurslarına diqqət ölkədə iqtisadiyyatın daha da güclü inkişafına kömək edir. HP Azərbaycan prezidenti İlahm Əliyevin təşəbbüsü ilə 2007-ci ildə ölkədə keçirilən "Gənclər ili" ideologiyasına uyğun hərəkət edir.

"MƏDƏD" təşkilatının direktoru Emil Məmmədovun sözlərinə görə, "Yeni sahibkarlar üçün İT-də Biznes" proqramı gənclərə sahibkarlıq bacarıqlarının artırılması üçün çox gözəl imkandır.

Proqramın Azərbaycan üzrə layihə direktoru Emin Axundov bildirib ki, treninqlər sentyabr ayında başlanılacaq. Treninqlərdə 18-25 yaş arasında gənclər iştirak edəcək.

Layihənin bir il müddətində həyata keçirilməsi planlaşdırılsa da, onun uzadılması istisna edilmir.

Ola bilsin ki, prqram Azərbaycanın digər regionlarını da əhatə edəcək. Proqramda həmçinin Belarusiya, Belçika, Böyük Britaniya, Almaniya, Qana, İtaliya, Qazaxıstan, Keniya, İrlandiya, Nigeriya, Portuqaliya, Rusiya, Rumıniya, Ukrayna, Finlandiya, Fransa və Cənubi Afrikadan olan ictimai və qeyri-kommersiya təşkilatları iştirak edir.

Yaxın aylarda GET-İT proqramı, təhsil və yeni iş yerlərinin açılması məsələlərilə artıq fəal məşğul olan Avropa, Yaxın Şərq və Afrikanın (EMEA) 35 qeyri-kommersiya təşkilatının tədris təşəbbüsləri ilə inteqrasiya edəcək.

GET-İT proqramı üzrə tədris kursları maliyyə, menecment, marketinq və texnologiyaların idarəsi kimi sahələrdə, həmçinin gündəlik biznes-məsələlərin həll edilməsi üçün hazır İT-həlləri təqdim edəcək.

Tədris materialları və kadrların peşəkar hazırlıq kurslarına əlavə olaraq, hər bir qeyri-hökumət təşkilatı tədris proqramlarının həyata keçirilməsi üçün lazımi avadanlıqla təchiz ediləcək. Hər bir təşkilat üçün nəzərdə tutulmuş qrantın miqdarı - 40 min dollardır. Proqramın ilkin mərhələsində dünyanın 18 ölkəsini təmsil edən, 35 hazırlıq mərkəzlərində 6 minə yaxın gənc tədris alacaq. Bu, işə düzəlmək, həmçinin öz bizneslərini açıb onu idarə etmək üçün onlara daha yaxşı hazırlaşmağa yardım edəcək. HP bu proqramı digər ölkələrdə də tətbiq etməyi planlaşdırır.

HP-nin İqtisadi İnkişaf Proqramının (Economic Development Programme) bir hissəsi olan GET-İT proqramı iki il öncə başlanmış və hal-hazırda sahibkarlara biznes və İT-tədrisi təqdim edən Kiçik Biznesin İnkişafı üzrə Proqrama (Microenterprise Acceleration Programme) bir əlavədir. Hər iki proqram Kiçik Biznesin İnkişafı İnstitutu ilə (HP-nin himayəsi altında fəaliyyət göstərən və biznes və İT-təlimlərini təqdim edən qeyri-kommersiya təşkilatı) əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti