...

"Eurovision" müsabiqəsi zamanı görüləcək təhlükəsizlik tədbirlərinin detalları açıqlanıb

Cəmiyyət Materials 15 May 2012 15:04
Daxili işlər orqanları "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
"Eurovision" müsabiqəsi zamanı görüləcək təhlükəsizlik tədbirlərinin detalları açıqlanıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 may / Trend müxbir K.Zərbalıyeva/

Daxili işlər orqanları "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov Trend-ə eksklüziv müsahibəsində bildirib ki, aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə ictimai asayişin etibarlı qorunması üçün bütün zəruri tədbirlər görülür.

İdarə rəisi bildirib ki, insanların sıx toplaşdığı, o cümlədən istirahət və gəzinti yerlərində xidmət aparan polis əməkdaşlarının sayı artırılıb.

İctimai nəqliyyatda, vətəndaşların kütləvi istirahət yerlərində asayişin təmin edilməsi, cinayətlərin qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər həyata keçirilir.

Məmmədovun sözlərinə görə, aprelin 2-dən etibarən "Bakı Kristal Zalı", habelə oradakı avadanlıqlar və texniki vasitələr mühafizəyə götürülüb.

DİN rəsmisi qeyd edib ki, müsabiqə keçirilən günlərdə tədbir yerində, ona yaxın ərazilərdə və qonaqların hərəkət marşrutları üzrə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Tamaşaçıların Dəmiryol Vağzalı, Azadlıq meydanı, Muzey Mərkəzi, Azneft dairəsi və "Dalğa Plaza" hotelinin qarşısından xüsusi ayrılmış avtobuslarda müsabiqənin keçiriləcəyi "Bakı Kristal Zal"ına aparılması təmin edilir.

Məmmədov bildirib ki, xüsusi ayrılmış avtobuslardan istifadə etməyən tamaşaçılar "Dalğa Plaza" hotelinin arxa hissəsindən başlayan piyada zolaqları ilə "Bakı Kristal Zalı" istiqamətində gedəcəklər.

Fiziki və hüquqi şəxslərə məxsus nəqliyyat vasitələri isə yalnız xüsusi ayrılmış avtobusların dayanacaq məntəqələrinədək hərəkət edə biləcək.

İdarə rəisi bildirib ki, müsabiqəni izləməyə gələnlərə izdiham yaranmaması və Dövlət Bayrağı meydanına rahat daxil olmaq üçün müsabiqənin başlamasından 3 saat qabaq gəlmək tövsiyə edilir.

Onun sözlərinə görə, vətəndaşlar yoxlama məntəqələrindən keçməklə "Bakı Kristal Zalı"na daxil olacaqlar.

Müsabiqə zalına biletlə yanaşı, ölkə vətəndaşları şəxsiyyət vəsiqəsi, qonaqlar ümumvətəndaş pasportu əsasında buraxılacaqlar.

"Bakı Kristal Zalı"na girişdə 45 buraxılış nöqtəsi olmaqla hər bir şəxsin üzərinə metallodetektorlar vasitəsilə baxış keçiriləcək və şəxsiyyət vəsiqələri ilə biletlərinin eyniləşdirilməsi aparılacaq. Şəxsiyyəti təsdiq edən müvafiq sənədi olmayan şəxslər geri qaytarılacaq", - Məmmədov bildirib.

Tədbir yerinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısının alınmasının xüsusi diqqət mərkəzində saxlanıldığını deyən idarə rəisi qadağan olunmuş əşyaların siyahısını açıqlayıb.

Həmin əşyalar sırasında kəsici-deşici alətlər, metal dəstəkli bayraqlar, plakatlar, iri həcmli çantalar, spirtli içkilər, şüşə qablarda olan içkilər, plastik qabda ağzı bağlanmış vəziyyətdə olan içkilər, radioaktiv maddələr, partlayıcı, pirotexnik və tezalışan maddələr, maqnitlər, lazer şüası buraxan avadanlıq, həcmi 100 millilitrdən çox olan aerozol tipli vasitələr daxildir.

İdarə rəisi deyib ki, qarşıda duran vəzifələrin icrası ciddi nəzarətdə saxlanılmaqla müsabiqənin tam təhlükəsiz şəraitdə keçməsi üçün zəruri tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti