...

İranın nüvə proqramının bundan sonrakı perspektivi – Trend News-un icmalçısı

Nəzər nöqtəsi Materials 3 Oktyabr 2009 08:58 (UTC +04:00)
İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya (5+1 ölkələri) arasında oktyabrın 1-də Cenevrədə keçirilən iclasla bağlı bütün tərəflər nikbinliklərini nümayiş etdiriblər. İclasda müzakirə olunan mövzuların təfərrüatı barədə ətraflı məlumat yoxdur, lakin İran tərəfinin nüvə laboratoriyasında istifadə etmək üçün 5+1 ölkələrinin birindən 19,75 faiz zənginləşdirilmiş uran yanacağı almaq təklifi diqqətçəkəndir.
İranın nüvə proqramının bundan sonrakı perspektivi – Trend News-un icmalçısı

Trend -un Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya (5+1 ölkələri) arasında oktyabrın 1-də Cenevrədə keçirilən iclasla bağlı bütün tərəflər nikbinliklərini nümayiş etdiriblər. İclasda müzakirə olunan mövzuların təfərrüatı barədə ətraflı məlumat yoxdur, lakin İran tərəfinin nüvə laboratoriyasında istifadə etmək üçün 5+1 ölkələrinin birindən 19,75 faiz zənginləşdirilmiş uran yanacağı almaq təklifi diqqətçəkəndir.

Fransa agentliyinin məlumatına əsasən, İran uranın zənginləşdirilmə prosesinin bir hissəsinin Rusiyada həyata keçirilməsinə razılıq verib. İran MAQATE-nin nəzarəti altında 3,5 faiz zənginləşdirilmiş uranı rəsmi Moskvaya təhvil verib, 19,75 faiz zənginləşdirilmiş uranı bu ölkədən alaraq öz nüvə reaktoru və laboratoriyasında istifadə edəcək.

İranın 3,5 faizlik zənginləşdirilmiş uran ehtiyatının həcmi 1,5 ton təşkil edir. Qərb İranın uran ehtiyatını hansısa gizli bir zavodda + 90 faiz zənginləşdirməklə nüvə silahı istehsal etməsindən narahatdır, baxmayaraq ki, zənginləşdirilmiş uran nüvə silahı istehsalının yalnız bir mərhələsidir.

Hazırda Qərbin rəsmi Tehranın digər mərhələlər üçün xüsusilə də nüvə başlığı daşıyan ballistik raketlər, partlayış detonatoru və digər detalların texnikasını əldə etməsi ilə bağlı heç bir sübutu yoxdur. Digər tərəfdən, çox güman ki, İran yalnız nüvə silahı istehsalı texnologiyasını əldə etmək istəyir. Ona görə ki, nüvə silahının istehsalı hər şeydən əvvəl strateji-siyasi xarakter daşıyır. Bundan başqa, İran bu işi görmək üçün ən azı yeddi ay əvvəl MAQATE-nin kütləvi qırğın silahlarının yayılmamasına dair NPT müqaviləsindən çıxmalıdır.

İranın nüvə stansiyaları üçün uranı Rusiyada zənginləşdirməsi Qərb üçün sevindirici addımdır. Ona görə ki, birincisi, İranın əksər uran ehtiyatları ölkədən çıxarılıb Rusiyaya aparılır və İranın gizli bir obyektdə onları zənginləşdirmə ehtimalı azalır. İkinci isə həmin addım İran və Qərb arasında müzakirələrin davamı üçün bəhanə ola bilər.

Cenevrədə İranın milli təhlükəsizlik məsələləri üzrə Ali Şurasının katibi Səid Cəlilinin ABŞ Dövlət Departamentinin nümayəndəsi Vilyam Börnz ilə ikitərəfli görüşü İran və ABŞ arasında kəsilmiş 30 illik diplomatik əlaqələr tarixində analoqu olmayan bir hadisədir.

İlk dəfədir ki, İran Prezidenti 5+1 ölkələrinin rəhbərləri ilə birbaşa müzakirələrə hazır olduğunu bildirib və 1980-ci ildə ABŞ-ın Tehrandakı səfirliyinin tutulmasından sonra iranlı bir nazir Vaşinqtona səfər edir. İran XİN-in mətbuat katibi Həsən Qəşqavi oktyabrın 2-də Müttəkinin hələlik heç bir rəsmi görüş keçirmədiyini iddia etsə də, İranın xarici işlər naziri Mənuçöhr Müttəki Vaşinqtona səfərində ABŞ rəsmiləri ilə görüşə hazır olduğunu bildirib.

Hər halda, Qərbin çox da sevinməsinə hələlik heç bir əsas yoxdur. İranın nə üçün belə bir addım atması barədə konkret fikir söyləmək mümkun deyil. Keçən ayın sonunda BMT Baş Assambleyasının iclası keçirilərkən İranın Qum şəhəri yaxınlığında gizli uranı zənginləşdirmə zavodu tikdiyi barədə qalmaqallar hələ səngiməyib. Oktyabrın 1-də ABŞ Prezidenti Barak Obama İranın 5+1 ölkələri ilə son görüşü ilə bağlı nikbinliyini bildirsə də, elan edib ki, "İranın bu addımı kifayət deyil və rəsmi Tehran proqmatik addım atmalıdır".

İranın Qum şəhəri yaxınlığındakı uranı zənginləşdirmə zavodunun son tutumu 3000 sentrifuqdır. İran son 15 günədək MAQATE nümayəndələrinə bu zavodda araşdırma işləri üçün şəraitin yaradılmasını qəbul edib, lakin bu zavodda hansı növ sentrifuqların quraşdırılması barədə heç bir məlumat yoxdur. İR1 növündən olarsa 3000 sentrifuq 2 il, İR2 növündən olarsa 1 il və qrafit materialından hazırlanmış sentrifuqlar vasitəsilə 7 ay müddətinə bir nüvə bombasını yaratmaq üçün lazım olan zənginləşdirilmiş uran istehsal edilə bilər. Digər tərəfdən, 1000 MVt elektrik nüvə stansiyası yanacağının təmini üçün ən azı 60 000 sentrifuq lazımdır. Beləliklə, Tehranın 3000 sentrifuqalı zavoddan hansı məqsəd güddüyü məlum deyil.

Hər halda, İranda prezident seçkilərinə olan etirazların hələ də davam etməsi, hakimiyyətdə olanlar arasında fikir ayrılıqlarının dərinləşməsi, yoxsulluq, işsizlik və inflyasiyanın artması nəticəsində xalqın Əhmədinejaddan narazılığı rəsmi Tehranı Qərbə qarşı müəyyən güzəştlərə getməyə vadar edə bilər.

Xəbər lenti

Xəbər lenti