...

Millət vəkili: Ermənistan və havadarları tərəfindən növbəti təxribat hazırlanır

Nəzər nöqtəsi Materials 24 Aprel 2019 14:45 (UTC +04:00)
Ermənistan və havadarları tərəfindən növbəti təxribat hazırlanır.
Millət vəkili: Ermənistan və havadarları tərəfindən növbəti təxribat hazırlanır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın iqtisadiyyatı, müdafiə qüdrəti gücləndikcə, beynəlxalq aləmdə nüfuzu artdıqca təcavüzkar Ermənistan buna ancaq müxtəlif istiqamətlərdə, müxtəlif səviyyələrdə təxribatlar törətməklə cavab verə bilir. Bu günlərdə Ermənistan və onların havadarları tərəfindən Azərbaycana qarşı növbəti təxribat həyata keçirilib və növbəti təxtibat hazırlanır. Bunu Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev bildirib.

R.Əliyev bildirib ki, mövcud qaydalara görə, BMT təşkilata üzv olan hər bir ölkənin insan hüquqları üzrə illik hesabatını qəbul edir. Ancaq budəfədəki hesabatda Ermənistan tərəfindən təxribata yol verilib: "Xaricdəki havadarlarının köməyi ilə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin hesabatını BMT-nin rəsmi saytında yerləşdirməyə nail olub. Düşmən ölkə çox yaxşı başa düşür ki, Azərbaycan hərbi cəhətdən dəfələrlə Ermənistanı üstələyir. Buna görə də onların ümidi yalnız informasiya müharibəsinə qalıb. Bu vaxta kimi Ermənistanın çoxsaylı təxribatlarına şahid olmuşuq. Ancaq bu dəfə onlar üçün bu təxribata BMT şərait yaradıb".

O qeyd edib ki, BMT-nin müvafiq qurumlarının bu hərəkətini heç cür başa düşmək olmur: "Hamıya məlumdur ki, BMT 1993-cü ilin 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr tarixli qətnamələri ilə və müxtəlif vaxtlarda qəbul etdiyi bəyanatlarla Ermənistandan qoşunlarını işğal edilmiş Azərbaycan torpaqlarını qeyd-şərtsiz çıxarmağı tələb edib. Qətnamələrin qəbul edilməsindən 26 il keçməsinə baxmayaraq, təcavüzkar dövlət BMT-nin bu qətnamələrini heçə sayaraq işğalı davam etdirir.

Bir tərəfdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr, bəyanatlar, digər tərəfdə separatçı rejimin hesabatının rəsmi saytda yerləşdirilməsi. Bu, necə baş verə bilər? Bu onu göstərir ki, Ermənistan rəhbərliyi, onları dəstəkləyən xaricdəki havadarları bütün vasitələrdən istifadə edərək öz məqsədlərinə informasiya müharibəsində üstünlüyə nail olmaqla çatmaq istəyirlər. Bu qüvvələr BMT-yə də ayaq aça biliblər. Belə halların qarşısının alınması, gələcəkdə bir daha baş verməməsi üçün bu məsələ müvafiq qurumlar tərəfindən ciddi surətdə araşdırılmalı və qanunsuz, qondarma hesabat BMT-nin rəsmi saytından çıxarılmalıdır".

Deputat deyib ki, Ermənistan tərəfindən növbəti təxribat hazırlanır: "Müxtəlif kütləvi informasiya vasitələrində yayılmış məlumatlara görə, Bolqarıstanda Hitlerin yaxın silahdaşlarından biri olmuş, Vermaxtın erməni cəza legionunun yaradıcısı "general Njde" kimi tanınan, II Dünya müharibəsi zamanı yüz minlərlə günahsız insanın qətlində iştirak etmiş Qaregin Njdeyə Bolqarıstanın Pliska şəhərində abidə qoymaq nəzərdə tutulub. Njde Ermənistanda milli və etnik zəmində nifrəti təbliğ edən nəzəriyyənin banisi hesab edilir. Onun başçılıq etdiyi hərbi birləşmələr tərəfindən 1918-1920-ci illərdə Zəngəzur qəzasında 10 mindən çox azərbaycanlı qətlə yetirilib, 115 Azərbaycan kəndi yerlə-yeksan olunub. O, eyni zamanda, “böyük Ermənistan” ideyasının müəlliflərindən biridir. Məqsəd qonşu dövlətlərin, ilk növbədə isə Azərbaycanın torpaqları hesabına “böyük Ermənistan” yaratmaqdır. İkinci Dünya müharibəsi bitdikdən sonra keçmiş SSRİ-nın hərbi tirbunalı tərəfindən Njde hərbi cinayətkar kimi məhkum olunub".

R.Əliyev bildirib ki, BMT Baş Assambleyasının müvafiq qətnaməsinə görə hərbi cinayətlərdə iştirak edən, İkinci Dünya müharibəsi zamanı nasistlərlə əməkdaşlıq etmiş şəxslərə abidələrin, xatirə lövhələrinin qoyulmasının qarşısının alınması üçün üzv dövlətlərə çağırış edilib:

"Bu cəllada, erməni faşistinə artıq Yerevanda milli qəhrəman kimi abidə qoyulub. Bu hadisəyə Rusiya, Azərbaycan və daha bir neçə ölkə öz etirazını bildirsə də, ümumilikdə dünya ictimaiyyəti, özlərini yüksək demokratik dəyərlərə sahib, insan hüquqlarının hər şeydən üstün olduğunu bəyan edən Qərb ölkələri susdular və indi də susurlar. Bu, dünyada ikili standartların ən yüksək səviyyədə davam etdiyini göstərir. Buna yol vermək olmaz, bu abidənin qoyulması II Dünya müharibəsində həlak olan milyonlarla günahsız insanın ruhlarına xəyanət olar. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri, birinci növbədə Bolqarıstan hökuməti bu utancverici məqsədin qarşısının alınması üçün lazımi tədbirlər görməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti