...

Rusiya azərbaycanlı köçkünlərə ərzaq yardımı ayırıb

Dünya xəbərləri Materials 10 Yanvar 2008 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar/ Trend , müxbir K.Ramazanova/ Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (BMT ÜƏP) Rusiya Federasiyasının Azərbaycanda ən çox ehtiyacı olan məcburi köçkünlərə (MK) ərzaq yardımı proqramı çərçivəsində 2 mln. ABŞ dolları məbləğində yardım etməsini alqışlayıb. Bu barədə təşkilatın cümə axşamı yayılan məlumatında bildirilib.

"Biz Rusiya hökumətinə belə bir səxavətli addım atdığı üçün təşəkkür edir və digər ölkəri də bu nümunəyə əməl etməyə və layihəmizin həyata keçirilməsinin bu əhəmiyyətli mərhələsində bizi dəstəkləməyə çağırırıq"- BMT ÜƏP-in Azərbaycandakı nümayəndəsi Linn Miller bildirib və layihəyə hazırki mərhələdə lazım olan vəsaitlərin ümumi məbləğinin 40% çatmadığını əlavə edib.

217,5 ton bitki yağından və 2.016 ton buğda unundan ibarət ərzaq Rusiyada alınıb və iqtisadi vəziyyəti ən ağır olan 75 min məcburi köçkünü dörd ay ərzində qida ilə təmin etməyə imkan verəcək. Ərzaq BMT ÜƏP-in Azərbaycandakı icraedici tərəfdaşlarından biri Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən paylanacaqdır.

"Rusiya regionda gedən proseslərin mühüm iştirakçısıdır və biz ehtiyacı olanlara hər bir zaman yardım etməkdən məmnunuq"-ölkənin qərbində yerləşən Bərdə rayonundakı paylanış məntəqəsində, ərzağın ÜƏP-ə verilməsi mərasimində iştiark edən və rəsmi səfərlə Azərbaycanda olan Rusiya Fövqəladə Hallar Nazirliyinin "Emerkom" agentliyinin şöbə rəisi Zelenyuk Nikolay Qriqoryeviç bildirib. BMT ÜƏP Proqramın ölkədəki fəaliyyətininin son bir neçə ayını həyata keçirmək üçün lazım olan vəsatinin əldə edilməsi üçün donorlara müraciət edib. BMT ÜƏP-in bu əməliyyatının dəyəri 15.9 mln. ABŞ dollarıdır.

Mərasimdə Azərbaycanın hökumətinin nümayəndələri, BMT ÜƏP-in Azərbaycandakı Nümayəndəliyinin başçısı Linn Miller və Rusiyanın Azərbaycandakı Səfiri Vasiliy İstratov iştirak edib.

"Biz Azərbaycandakı məcburi köçkünlərin ərzaq yardımı layihəsinə iri həcmli töhvə etdiyinə görə Rusiya hökumətinə dərin minnətdarlığımızı bildiririk"- Nazirlər Kabinetinin qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsi müdirinin müavini cənab Məhəmməd Məhərrəmov bildirib.

Rusiya Federasiyası 2003-cü ildən ÜƏP-in səxavətli donorlarının artan siyahısına qoşulandan etibarən ÜƏP-in dünya üzrə fəaliyyətinə 44 milyon ABŞ dolları dəyərindən artıq yardım edib. Ötən il Rusiya ÜƏP-ə etdiyi illik ianəni bu ilki 11 milyon dollardan 2009 və 2010-cu illərdə 15 milyon ABŞ dollarına qədər artıracağını bildirib.

Hazırda, BMT-nin ərzaq agentliyi 130 min məcburi köçkünün ərzaqla təmin edilməsi üzrə məsuliyyətin Azərbaycan hökümətinə ötürülməsi prosesindədir. Belə ki, hökümət artıq bunlardan ilk 55 min nəfərinin qayğısına qalır və bu prosesin 2008-ci ilin iyun ayının sonuna qədər tamamlanması nəzərdə tutulur.

BMT ÜƏP Azərbaycanda fəaliyyətinə 1994-cü ildə məcburi köçkün düşmüş yarım milyondan çox insana yardım göstərməklə başlayıb. Tədricən məcburi köçkünlərin böyük bir hissəsi şəhər yerlərinə köçüb və özünü təmin etmək imkanına malik olub. Bundan sonra ÜƏP-in diqqəti kənd ərazilərində qalan və hələ də öz əsas ehtiyacalarını ödəyə bilməyən insanlara yardım etməyə yönəlib.

Azərbaycan höküməti çox sayda məcburi köçkünlərə yardım edir və ÜƏP-in ölkədəki layihəsinin donorudur. Hökumət ÜƏP-in ölkədəki fəaliyyətinə 3 milyon ABŞ dolları dəyərində ianə edib.

BMT ÜƏP-in hazırkı fəaliyyəti 2008-ci ilin iyun ayına qədər davam edəcək. ÜƏP-in Azərbaycanda həyata keçirilən əməliyyatları üçün ianələr təqdim edən donorlar aşağıdakılardır: Azərbaycan (3 milyon ABŞ dolları) , Rusiya Federasiyası (2 milyon ABŞ dolları) , Yaponiya (100.000 ABŞ dolları) , özəl donorlar (69.000 ABŞ dolları) və BMT ÜƏP-in çoxtərəfli ianəsi (3,3 milyon ABŞ dolları).

Xəbər lenti

Xəbər lenti