İtaliyanın xarici işlər naziri Franko Frattini bu gün İsraillə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin gücləndiyini bəyan edib. Bu barədə İsrailin "Jerusalem Post" qəzeti məlumat verib.
"İsraillə Avropa arasında əlaqələr kəsilə bilməz. Avropa Yaxın Şərq prosesində vacib rol oynayır", - Frattini bu barədə Romada İsrailin xarici işlər naziri Aviqdor Libermanla keçirilən birgə mətbuat konfransında deyib.
İtaliyanın xarici işlər nazirinin bəyanatı Aİ-nin xarici siyasət üzrə komissarı Benita Ferrero-Valdnerin sözlərindən sonra verilib. Ferrero-Valdner Brüsseldə jurnalistlərə deyib ki, İsrail fələstinlilərlə danışıqlarda qəti mövqe göstərməsə, bu, Təl-Əvivin Aİ ilə münasibətlərinin korlanmasına gətirəcək. " Jerusalem Post" yazır.
Frattini ilə görüş zamanı Liberman qeyd edib ki, "Yaxın Şərqin başlıca problemi İranın nüvə proqramıdır və bu regiondakı vəziyyəti qeyri-stabil edir".
Fələstinlilərlə sülh müqaviləsi məsələsinə toxunan Liberman deyib ki, İsrail hökuməti danışıqlarda boş şüar və bəyənatlara deyil, konkret nəticələrə can atır.
Liberman onu da əlavə edib ki, Baş nazir Benyamin Netanyahu ABŞ Prezidenti Barak Obama ilə Vaşinqtonda baş tutan görüş zamanı İsrailin sülh prosesindəki planları barədə bəyanat verəcək.
Avropa turnesi çərçivəsində Liberman Paris, Berlin və Praqaya səfər edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]