Türkiyənin Qara dəniz sahillərindəki Rize vilayətində güclü sel axınları və torpaq sürüşmələri nəticəsində, ən azı, yeddi nəfər həlak olub, altı nəfər isə itkin düşüb. Bu barədə "Cihan" agentliyi məlumat yayıb.
Təbii fəlakət aramsız yağan leysan yağışları nəticəsində baş verib.
Ziyan çəkmiş rayonlardan verilən məlumata görə, fəlakət bir çox yaşayış və inzibati tikililərə ciddi ziyan vurub. Bir sıra yerlərdə işıq və su yoxdur, nəqliyyatın hərəkəti iflic olub; bəzi yollar, eləcə də Qara dəniz avtomobil magistralı su altında qalıb. Rize şəhər hakimiyyətindən bildiriblər ki, xilasedicilər və yol xidməti əməkdaşları nəqliyyatın hərəkətinin bərpası üçün zəruri tədbirlər görürlər.