Azərbaycan, Bakı, 5 aprel / Trend, müxbir A.Tağıyeva /
Türkiyənin Şirnak şəhərində Kərkük-Yumurtalıq neft kəmərində baş verən yanğın söndürülüb. Bu barədə cümə axşamı Trend-ə BOTAŞ dövlət boru kəməri şirkətindən bildiriblər.
Türkiyənin "Hürriyet" qəzetinin bir müddət əvvəl verdiyi məlumata əsasən, Şirnak vilayətində gecə İraqdan Türkiyəyə neft ixrac olunan Kərkük-Yumurtalıq neft kəmərində üç partlayış baş verib.
BOTAŞ-dan qeyd ediblər ki, ilkin məlumatlara əsasən, partlayışı terrorçu Kürd Fəhlə Partiyasının (PKK) silahlıları törədiblər.
"Partlayış nəticəsində neftin nəqli müvəqqəti dayandırılıb" , - şirkətdən deyilib. Bununla belə, şirkət neftin nəqlinin bərpa ediləcəyi vaxtı açıqlamayıb.