Azərbaycan, Bakı, 11 avqust /Trend/
Ermənistanda bu gün daimi sakinlərin sayı 3 milyon 9800 nəfər təşkil edir. Bu barədə avqustun 11-də mətbuat konfransında Ermənistan Milli Statistika Xidmətinin Əhalinin siyahıyaalınması və demoqrafiya şöbəsinin rəisi Karina Kuyumcyan bildirib. Trend-in məlumatına görə, xəbəri "news.am" yayıb.
Onun sözlərinə görə, ilin əvvəli ilə müqayisədə daimi əhalinin sayı 7300 nəfər azalıb. Kuyumcyan bunun səbəbini miqrasiyanın mənfi saldosunun əhalinin təbii artım göstəricisindən yüksək olması ilə izah edib. Başqa sözlə, yarım il ərzində anadan olanlarla ölənlərin sayı arasında fərq 4500 nəfər olub, miqrasiyanın mənfi saldosu isə 11800 nəfərə çatıb.
Kuyumcyan habelə ona da diqqət ayırıb ki, ilin birinci yarısında anadan olan uşaqların sayı 19401-ə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz çoxdur. Doğulan hər 100 qız uşağına 114-115 oğlan uşağı düşür.
Ölümün səviyyəsinə gəldikdə isə o, ötən illə müqayisədə 4,3 faiz artıb.