Azərbaycan, Bakı, 5 noyabr /Trend/
Noyabrın 3-də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Rusiya Xarici Ticarət Bankının sədr müavini Aleksandr İvanov dənizdə batıb. Trend-in məlumatına görə, bu barədə "Forbes"ə A.İvanovu tanıyan şəxs danışıb. Məlumatı Rusiya Prezidenti Administrasiyasının əməkdaşı və Kremlə yaxın mənbə də təsdiqləyib.
A.İvanov Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanovun böyük oğlu idi.
Dünən axşam Xarici Ticarət Bankının nümayəndəsi bankın çərşənbə günü rəsmi məlumat yayacağını demişdi.
Prezidentin mətbuat katibi Dmitri Peskov şərh verməkdən imtina edib.
Faciənin şahidinə istinadən daha bir şəxs A.İvanovun uşaqla çimdiyini bildirib. Böyük dalğalar olmayıb və faciəyə nəyin səbəb olduğu məlum deyil.
A.İvanovun 37 yaşı var idi. O, Moskvada anadan olmuş və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və hökumət yanındakı Maliyyə Akademiyasını "dünya iqtisadiyyatı" ixtisası üzrə bitirmişdi. 2006-cı ildən XTB-də çalışmağa başlayıb. Burada əvvəlcə departament direktorunun müavini, 2012-ci ildən isə bankın İdarə Heyəti sədrinin müavini olub.
XTB-nin əməkdaşı qeyd edib ki, A.İvanov işinin peşəkarı idi və karyerası üçün atasının əlaqələrindən istifadə etmirdi. Onu sədr müavini postunda kimin əvəz edəcəyi hələ məlum deyil.