Bakı. Təmkin Cəfərov - Trend:
Tehran-Kərəc dəmir yolu xətti dörd zolaqlı, Kərəc-Zəncan dəmir yolu xətti isə iki zolaqlı olacaq. Zəncandan iki zolaqlı dəmir yolu xətti Türkiyəyə qədər uzanacaq. Bunu İranın yol və şəhərsalma naziri Abbas Axundi deyib. Trend-in məlumatına görə, bu barədə İranın Tasnimnews xəbər saytı məlumat verib.
A.Axundi deyib ki, dəmir yolu xətləri inkişafın sütünlarından biridir. "Tehran-Kərəc dəmir yolu xəttinin iki zolağı artıq istifadəyə verilib. 3-cü zolaq gələn il istifadəyə veriləcək".
A.Axundi deyib ki, İranın Xorrəmşəhr şəhəri və Bəsrə şəhəri arasında dəmir yolu xətti çəkilir: "Ərvənd çayının üzərində körpü tikilir. Böyük gəmilərin çayın üzərindən keçməsini təmin etmək üçün tikiləcək körpü fırlanma funksiyasına malik olacaq."
O deyib ki, İran-İraq sərhəddində Ərvənd çayının üzərində tikiləcək körpünün layihəsi hazırdır: "Maliyyə problemi var idi. Prezident Həsən Ruhaninin göstərişi ilə lazım olan vəsait təmin edildi. Körpünün tikintisi 18 aya başa çatacaq".
Iranın paytaxtı Tehrandan Kərəc, Zəncan, Təbriz şəhərlərini keçməklə Türkiyə sərhəddinə kimi 928 km dəmir yolu xətti hazırda fəaliyyət göstərir.