...

KİV: Türkiyə Alparslan Çeliki Rusiyaya vermək məsələsinə baxa bilər

Dünya xəbərləri Materials 4 Aprel 2016 20:05 (UTC +04:00)
Türkiyə tərəfi rus pilotu Oleq Peşkovu öldürdüyünü boynuna alan Alparslan Çeliki Rusiyaya vermək məsələsinə baxa bilər.
KİV: Türkiyə Alparslan Çeliki Rusiyaya vermək məsələsinə baxa bilər

Bakı. Elçin Hüseynov - Trend:

Türkiyə tərəfi rus pilotu Oleq Peşkovu öldürdüyünü boynuna alan Alparslan Çeliki Rusiyaya vermək məsələsinə baxa bilər. Trend xəbər verir ki, bu barədə TASS-ın müxbirinə İzmir şəhər prokurorluğunun nümayəndəsi (adı çəkilmir - red.) bildirib.

O deyib ki, Rusiya tərəfdən bu işlə bağlı sorğu daxil olsa, baş prokuror məsələyə baxacaq: "Hələlik istintaqın gedişi və belə müraciətin olub-olmaması barədə məlumat verə bilmərik".

Prokurorluqdan bildiriblər ki, A.Çelikin verilməsi məsələsində çətin məqam odur ki, o, RF yox, Türkiyə vətəndaşıdır.

Xatırladaq ki, 2015-ci il noyabrın axırlarında Türkiyənin hava sərhədini pozduğu üçün vurulan Su-24 Rusiya qırıcısının pilotu O.Peşkovu öldürdüyü iddia edilən A.Çelik bir qrup dostu ilə gəldiyi İzmirdə həbs edilib. A.Çelikin Suriya ərazisindəki Bayırbucaq türkmənləri ilə birlikdə Bəşər Əsəd rejiminə qarşı vuruşan qruplardan birinin komandiri olduğu söylənilir.

Türkiyə mediasının yazdığına görə, A.Çelik Rusiya tərəfindən terrorçu elan edilib və RF-nin xüsusi xidmət orqanları tərəfindən izlənilib. Rəsmi Moskva Türkiyə hakimiyyətindən A.Çelik və onun silahdaşlarının təcili tapılaraq O.Peşkovun ölümünə görə cinayət məsuliyyətinə cəlb olunması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb etmişdi.

Onun qəfildən İzmirdə peyda olması və polis tərəfindən saxlanılması müxtəlif mülahizələrə yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti