Bakı. Trend:
Maraqlı tərəflər Qırmızı dənizdəki Tiran adası barədə razılığa gəliblər, sülhməramlılar oradan çıxarılır.
Trend xəbər verir ki, bunu Ciddədə Səudiyyə Ərəbistanı rəhbərliyi ilə danışıqlardan sonra jurnalistlərə açıqlamasında ABŞ prezidenti Co Bayden bildirib.
"Biz Yaxın Şərqdəki müharibələrin mərkəzində olan qaynar nöqtəsini sülh bölgəsinə çevirmək üçün tarixi razılaşma əldə etdik. Beynəlxalq sülhməramlılar, o cümlədən ABŞ qoşunları 40 ildən artıqdır - Kemp Devid Sazişlərinin imzalandığı andan (1978-ci il) bəri yerləşdikləri Qırmızı dənizdəki Tiran adasını tərk edəcəklər”, - Vaşinqton administrasiyasının rəhbəri bildirib.
Onun sözlərinə görə, “hazırkı irəliləyiş sayəsində bu ada bütün tərəflərin, o cümlədən İsrailin təhlükəsizliyi və naviqasiya azadlığı sahəsində bütün lazımi razılaşmaları saxlamaqla, turizm və iqtisadi inkişaf üçün açılacaq”.