Bakı. Trend:
“Air France-KLM” aviaqrupu 2023-cü ilin IV rübündə xalis zərər müəyyən edib. Şirkət bunu öz biznesi üçün geosiyasi vəziyyətin mənfi nəticələri ilə izah edir. Oktyabr-dekabr aylarında şirkətin xalis zərəri bir il əvvəlki 496 milyon avroya qarşı 256 milyon avro təşkil edib.
Trend aviaşirkətin məlumatına istinadən xəbər verir ki, əməliyyat itkisi bir il əvvəlki 134 milyon avro əməliyyat gəlirinə qarşı 56 milyon avro təşkil edib.
Aviaşirkətin zərəri Afrikada və Yaxın Şərqdəki gərginliklə bağlı 65 milyon avroya bərabər olub.
Rüblük mədaxil 3,9 faiz artaraq 7,41 milyard avroya çatıb. “Air France-KLM” şirkətinin özünün misal çəkdiyi kimi, ekspertlərin konsensus-proqnozu onu ehtimal edirdi ki, şirkət 82 milyon avro həcmində xalis zərər, 88 milyon avro əməliyyat gəliri və 7,45 milyard avro mədaxil qeydə alacaq.
Ötən rüb qrupun aviaşirkətləri 22,3 milyon sərnişin daşıyıb ki, bu da 2022-ci ilin eyni dövründəki göstəricini 6,4 faiz üstələyib. Reyslərin yüklülüyü 85,9 faizdən 85,3 faizə enib.
2023-cü ilin yekunlarına görə, “Air France-KLM”in xalis gəliri 28 faiz artaraq 934 milyon avroya, mədaxil 14 faiz artaraq rekord 30,02 milyard avroya çatıb.
Şirkətin daşıma həcmi ötən il koronavirusa qədərki 2019-cu il səviyyəsinin 93 faizini təşkil edib. “Air France-KLM” cari ildə bu rəqəmin 2023-cü illə müqayisədə 5 faiz artacağını gözləyir.
Fevralın 29-da son hərracların gedişatında “Air France-KLM”in səhmlərinin qiymətində 7 faiz itki olub. Son 12 ay ərzində isə onların qiyməti 39,8 faiz aşağı düşüb.