Bakı. Trend:
2024 Paris Olimpiya Oyunlarının son 16 raundunda əlcəzairli İman Xəliflə qarşılaşan italiyalı boksçu Angela Karini görüşün 46-cı saniyəsində döyüşü tərk edib.
Trend xəbər verir ki, italiyalı boksçu görüşü tərk etməsinin səbəbi kimi belə zərbələrlə əvvəllər qarşılaşmamasını göstərib.
Hadisədən sonra əlcəzairli idmançı İman Xəliflə bağlı gender mübahisələri başlamışdır. Qalmaqalın səbəbi, onun 2023-cü ildə gender testindən keçə bilməməsidir.
Gender müzakirələri başlanandan sonra İtaliyanın baş naziri Giorgia Meloni də məsələyə münasibət bildirib. Meloni, “Məncə, kişi genetik xüsusiyyətləri olan idmançılar qadınların yarışlarına qəbul edilməməlidir. Bu, heç kimə qarşı ayrı-seçkilik etmək məqsədilə deyil, qadın idmançılara bərabər şərtlərlə yarışma hüququnu qorumaq üçündür” deyə öz etirazını ifadə edib.
“Tesla”, “SpaceX” və “X” kimi şirkətlərin sahibi milyarder İlon Mask da “X” sosial şəbəkəsində “Qadın idmanında kişilərə yer yoxdur” deyə münasibət bildirib.
Xəlif gender testindən keçə bilmədiyi üçün Yeni Dehlidə keçirilən Qadınlararası Dünya Çempionatından diskvalifikasiya edilsə də, Olimpiadada döyüşməyə icazə verilən iki boksçudan biridir.