...

İran və ABŞ ekspertləri iqtisadi-bank məsələləri haqda da danışıqlar aparırlar

Dünya xəbərləri Materials 26 Aprel 2025 15:14 (UTC +04:00)
İran və ABŞ ekspertləri iqtisadi-bank məsələləri haqda da danışıqlar aparırlar
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Omanın vasitəçiliyi ilə Məsqətdə İran və ABŞ arasında ekspertlər və mütəxəssislərin iştirakı ilə keçirilən dolayı danışıqlarda iqtisadi və bank məsələləri də araşdırılır.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Oman Krallığı vaxtı ilə bu gün səhər 10:00-da başlanan İran və ABŞ arasında dolayı müzakirələrin 3-cü raundu Omanın vasitəçiliyi ilə ayrı-ayrı otaqlarda təşkil olunur.

Bəqai bildirib ki, İranın texniki-ekspert heyətinə xarici işlər nazirinin müavinləri başçılıq edir və sanksiyaların ləğvi üzrə ekspertlər, iqtisadi və bank məsələləri üzrə mütəxəssislər, Atom Enerisi üzrə Beynəlxalq Agentliklə qarşılıqlı əlaqələr üzrə mütəxəssislər də heyətə daxildir.

“İranın ölkə əleyhinə tətbiq olunan sanksiyalara son qoyulmasının vacibliyinə dair prinsipial mövqeyi bəllidir və İran nüvə prqoramının dinc mahiyyəti haqda etimadın yaradılmasına hazır olduğunu bəyan edir.

Təcrübə sübut edir ki, İran əleyhinə tətbiq olunan sanksiyaların ləğvi üzrə etimadın yaradılması və Nüvə Silahlarının Yayılmamasına dair Sazişə (NPT) uyğun şəkildə İranın hüququna hörmətlə yanaşmağı ehtiva edən anlaşmanın əldə olunması mümkündür”, - deyə o bildirib.

Qeyd edək ki, bu gün İran və ABŞ arasında nüvə proqramı üzrə dolayı müzakirələrin 3-cü raundu Omanın vasitəçiliyi ilə Omanda keçirilir.

Xatırladaq ki, 19 apreldə İran və ABŞ arasında dolayısı müzakirələrin 2-ci raundu İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə keçirilib. İran və ABŞ arasında danışıqların 2-ci raundu Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi ilə keçirilib. Danışıqların 3-cü turu bu gün Məsqətdə keçirilir.

Əlavə edək ki, 12 apreldə Oman paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti