Bakı. Trend:
İtaliya və ABŞ İkinci Dünya müharibəsi zamanı itkin düşmüş amerikalı hərbçilərin axtarışı üzrə əməliyyatların təkmilləşdirilməsinə dair əməkdaşlıq memorandumu imzalayıblar.
Trend xəbər verir ki, yeni saziş 1943–1945-ci illərdə müttəfiq qüvvələrin Siciliya adasına hücumundan sonra İtaliyanın faşist və nasist ordularından azad edilməsi kampaniyası çərçivəsində aparılmış ağır döyüşlər zamanı itkin düşmüş saysız-hesabsız amerikalı hərbçilərin taleyinin aydınlaşdırılmasını nəzərdə tutur.
Axtarış əməliyyatları zamanı arxeoloji baxımdan əhəmiyyətli olan ərazilərin qorunmasına da xüsusi diqqət yetiriləcək.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, İkinci Dünya müharibəsində iştirak edən və bu günədək itkin hesab edilən amerikalı hərbçilərin sayı təxminən 72 min nəfərdir. 1970-ci illərdən başlayaraq yenidən intensivləşdirilən bərpa və axtarış işləri nəticəsində indiyədək təxminən 1000 amerikalı hərbçinin qalıqları müəyyən edilərək ailələrinə təhvil verilib.