Bakı. Trend:
Azərbaycan Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində nəqliyyat infrastrukturuna ən çox investisiya qəbul edən üç ölkədən birinə çevrilib.
Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının yeni hesabatında deyilir.
2001-ci ildə işə salınmasından bəri CAREC proqramı iqtisadi bərabərsizliklərin aradan qaldırılması və ticarətə və nəqliyyat infrastrukturun inkişafına dəstək hesabına regional inteqrasiyanın möhkəmləndirilməsinə yönəlmiş 276 regional layihə çərçivəsində ümumilikdə 51 milyard ABŞ dollarından çox vəsait səfərbər edib.
Ən çox yatırımlar nəqliyyat sahəsinə qoyulub – ümumi həcmin 67,4 faizi və ya 34,3 milyard dollar. Həmin məbləğdən 16,3 faizi Azərbaycanın payına düşür ki, bu da onun üzv dövlətlər arasında Qazaxıstan (24,6%) və Özbəkistandan (19%) sonra üçüncü yerdə qərarlaşmasını təmin edib.
İnvestisiyalar xüsusilə multimodal nəqliyyat şəbəkələrinin inkişafına, transsərhəd ticarətin sadələşdirilməsinə və regional iqtisadi dəhlizlərin yaradılmasına yönəldilib. Bu dəhlizlərə Cənubi Qafqaz çərçivəsində və onun hüdudlarından kənarda Azərbaycanın əlaqəliliyinə strateji əhəmiyyət kəsb edənlər də daxildir.
Ticarətin təşviqi və ticarət siyasəti tədbirlərinə 1,4 milyard dollar vəsait, yəni ümumi investisiya həcminin 2,7 faizi yönəldilib. Bu istiqamətdə liderlər Çin Xalq Respublikası (38,9%), Pakistan (22,2%) və Monqolustandır (16,1%).