Bakı. Trend:
Litva Avropa İttifaqının miqrasiya paktı çərçivəsində qəbul etməkdən imtina etdiyi qanunsuz miqrantlara görə 2027-ci ildə kompensasiya məbləği ödəməli olacaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Daxili İşlər Nazirliyi bəyanat yayıb.
“Miqrantların həmrəylik mexanizmi çərçivəsində qəbulu 2026-cı ilin iyununda başlayacaq. Qəbulunu məqsədəuyğun saymadığımız qanunsuz miqrantlara görə isə 2027-ci ildə ödəniş həyata keçirəcəyik. Bu maddə dövlət büdcəsində nəzərdə tutulacaq”,- deyə məlumatda qeyd olunub.
Litva qanunsuz miqrantların yalnız bir hissəsini qəbul etmək qərarına gəlib və kvotanı 40 nəfərə endirmək üçün danışıqlar aparmağa çalışacaq. Vilnüs digər qanunsuz miqrantların qəbulundan imtina etdiyi halda kompensasiya ödəməyə razıdır.
