Bakı. Trend:
İsrail Livan hakimiyyətinin “Hizbullah” hərəkatının hərbi qanadının tərksilah edilməsi istiqamətində gördüyü tədbirləri yetərli hesab etmir, lakin Beyrutun addımlarında “ümidverici başlanğıc” görür.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir.
“Bu istiqamətdə Livan hökuməti və Livan Silahlı Qüvvələri tərəfindən görülən tədbirlər ümidverici başlanğıcdır, lakin İranın dəstəyi ilə ‘Hizbullah’ın yenidən silahlanmaq və terrorçu infrastrukturunu bərpa etmək cəhdləri göstərir ki, bunlar qətiyyən yetərli deyil”, – bəyanatda qeyd olunur.
Bəyanata əsasən ABŞ-nin vasitəçiliyi ilə İsrail dövləti ilə ərəb respublikası arasında əldə olunmuş atəşkəs razılaşması ‘Hizbullah’ın tam şəkildə tərksilah edilməsini açıq şəkildə nəzərdə tutur. “Bu, İsrailin təhlükəsizliyi və Livanın gələcəyi üçün son dərəcə vacibdir”, – Netanyahunun ofisinin bəyanatında deyilir.
