Bakı. Trend:
Hindistanda Nipah virusuna yoluxma ilə bağlı ilk ölümcül hadisə qeydə alınıb.
Trend xəbər verir ki, hazırda bu xəstəliyə qarşı peyvənd mövcud deyil və virusun ötürülmə yolları bir çox cəhətdən koronavirus infeksiyasının yayılma mexanizmlərinə bənzəyir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Nipah virusu infeksiyasından ölüm göstəricisi konkret bölgədə epidemioloji nəzarətin səviyyəsindən və tibbi xidmətin keyfiyyətindən asılı olaraq 40 faizdən 75 faizə qədər dəyişə bilər.
Bildirilir ki, virus insanlara əsasən meyvə yarasaları ailəsinə aid yarasalar, eləcə də donuzlar vasitəsilə ötürülür. Yoluxma çirklənmiş qida məhsulları və insanla birbaşa təmas yolu ilə baş verə bilər. Hazırda Nipah virusuna qarşı spesifik müalicə üsulu mövcud deyil.
