Bakı.Trend:
Rusiya Bankının Direktorlar Şurası fevralın 13-də keçirilən iclasında əsas uçot dərəcəsini 50 baza bəndi azaldaraq illik 15,5 faizə endirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“İqtisadiyyat balanslaşdırılmış artım trayektoriyasına qayıtmağı davam etdirir. Yanvar ayında qiymət artımı birdəfəlik amillərin təsiri altında əhəmiyyətli dərəcədə sürətlənib. Bununla yanaşı, Rusiya Bankının qiymətləndirməsinə görə, cari qiymət artımının dayanıqlı göstəriciləri ciddi şəkildə dəyişməyib.
Birdəfəlik amillərin təsiri tükəndikdən sonra inflyasiya yenidən azalmağa başlayacaq”, – Mərkəzi Bankdan qeyd olunur.
Bu, 6 iyun 2025-ci il tarixində başlanmış yumşalma dövrü çərçivəsində göstəricinin ardıcıl altıncı dəfə azaldılmasıdır. Həmin vaxt Mərkəzi Bank üç ildən sonra ilk dəfə olaraq əsas dərəcəni 100 baza bəndi azaldaraq illik 20 faizə endirmişdi.
