Sülh korpusu Ermənistandakı fəaliyyətinin 15 illiyini qeyd edəcək. ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidmətindən cümə günü "ARKA" agentliyinə verilən məlumata görə, bayram tədbirləri avqustun 15-də Vanadzor şəhərində keçiriləcək. Bu gün həmçinin Sülh korpusunun könüllülərindən ibarət 15-ci qrupun andiçmə mərasimi keçiriləcək.
Tədbirin açılışında ABŞ-ın Ermənistandakı elçisi Rudolf Perina çıxış edəcək.
Sülh korpusu Ermənistanda ölkə hökumətinin dəvəti ilə 1992-ci ildən fəaliyyətə başlayıb. Ermənistanda təşkilat elm və təhsil, səhiyyə və təbiətin mühafizəsi nazirlikləri ilə əməkdaşlıq edir. Ermənistandakı fəaliyyət dövründə bu qurumun 529 könüllüsü işləyib .
Sülh korpusu 1961-ci ildə ABŞ prezidenti Con Kennedi tərəfindən rəsmən təsis edilib.