Azərbaycan, Bakı, 18 noyabr /Trend/
Gün ərzində ən azı iki meyvə yemək depressiyadan qaçmaq üçün kifayətdir. Bunu Kvinslend Universitetinin alimləri izah ediblər. Araşdırmada Avstraliyadan 6 min qadın iştirak edib. Trend xəbər verir ki, bu barədə "SBS" radiosu məlumat yayıb.
Gündə minimum iki porsiya meyvə yeyən qadınlar bundan az meyvə yeyənlərə nisbətən ruh düşgünlüyündən daha az əziyyət çəkirlər. Lakin alimlər tərəvəzdən istifadə ilə ruh düşkünlüyü arasında əlaqə aşkar etməyiblər.
Onlar gələcəkdə meyvə və tərəvəzlər arasında fərqin araşdırılmasının vacib olduğu qənaətindədirlər. Alimlərin fikrincə, fərq meyvələrdə iltihab əleyhinə birləşmələrin və resveratrol kimi antioksidantların tərəvəzlərə nisbətən çoxluğu ola bilər.
Bundan əvvəl aparılmış digər araşdırmada isə müəyyən olunub ki, psixi sağlamlığın yüksək göstəricilərinə malik şəxslərin 33,5 faizi gündə minimum beş porsiya tərəvəz və meyvə yeyir. Onlar həyata nikbin baxır, sevincli, özlərinə əmin olur, ətrafdakılarla yaxşı münasibətlərə malik olur və ruhi güclərini tez bərpa edə bilirlər. Daha az miqdarda meyvə-tərəvəz yeyənlər arasında belələri yalnız 6,8 faiz təşkil edir.