Bakı. İlhamə İsabalayeva - Trend:
Ümummilli lider Heydər Əliyevin fəaliyyətini bu gün hər bir Azərbaycan vətəndaşı hiss edir. Bunu Trend-ə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.
O bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizin bu gün bu səviyyədə olmasında çox böyük rolu olub: "Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrdə, o cümlədən gənclər sahəsində həm inkişaf baş verib, həm də uzunmüddətli perspektiv açılıb. Ulu öndərimizin ilk fərmanlarından biri Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı oldu. 1996-cı ildə Azərbaycan gənclərinin ilk forumu keçirildi. Ulu öndər özü həmin forumda iştirak edib gənclərimizin fikirlərini öyrənərək, Azərbaycan gənclərinin gələcək inkişafının təməlini qoyaraq həmin forumların silsilə şəklində həyata keçirilməsinə nail oldu. Əslində, o zaman dövlət siyasətinin əsas hissəsi kimi Azərbaycanda gənclər siyasəti formalaşmağa başladı. Həmin siyasət bu gün də davam etdirilir".
Ulu öndərin sərəncamı ilə hər il 2 fevral tarixinin Azərbaycanda Gənclər Günü kimi qeyd edildiyini deyən F.Muradov deyib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasəti model kimi bir çox ölkələrdə qəbul olunub.
Deputatın sözlərinə görə, bu gün Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsinin, onların peşə və bacarıqlarının artırılması istiqamətində işlərin görülməsinin təməli ulu öndər tərəfindən qoyulub: "Ulu öndərin də böyüklüyü o idi ki, gənclərə hər zaman etimad göstərirdi. O hər zaman gəncləri irəli çəkərək, onlara etimad göstərərək, müxtəlif ictimai işləri həvalə edərək bir nümunə yaradırdı. Bu gün bu siyatət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirillir. Azərbaycanda gənclərin öz imkanlarını göstərməsinə həmişə şərait yaradılıb".