Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/
"Azərkosmos" ASC və Fransanın "Airbus Defence and Space" şirkəti SPOT-7 (AzerSky) aşağıorbitli peykin idarəçiliyinin təhvil verilməsi barədə sənəd imzalayıblar. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Onun sözlərinə görə, məsafədən zondlama üçün nəzərdə tutulmuş peyk ərazinin fotoşəklinin çəkilməsi üçün istifadə oluna bilər: "Məsələn, fövqəladə hallar zamanı, ekoloji problemlərin həll edilməsi üçün kənd təsərrüfatında, kartoqrafiya üçün və s. istifadə oluna bilər".
Nazir qeyd edib ki, Azərbaycan belə peyki orbitə buraxmış 20-ci ölkədir: "Hazırda orbitdə bu cür peyklərin sayı təqribən 50 ədəddir".