Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir N.İsmayılova/
Təxminən 100 nəfər Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMFA) "Azərbaycanda məsul mikromaliyyə" mövzusunda keçiriləcək beşinci mikromaliyyə konfransında iştiraka ərizə verib. Bu barədə çərşənbə günü AMFA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.
"Artıq qeydiyyatdan 98 nəfər keçib. Onların 52-si Assosiasiyanın 22 üzv şirkətinin nümayəndələridir", - Hacıyeva qeyd edib.
Onun sözlərinə görə, konfransda 20-yə yaxın beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edəcək. Onlar arasında Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, "Moody's", "MixMarket", "Schufa", "Oica", "Finance in motion" var. Konfransda Norveç və ABŞ səfirliklərinin, eləcə də Azərbaycan Mərkəzi Bankı, Nazirlər Kabineti, Maliyyə Nazirliyi və Milli Məclisin nümayəndələrinin iştirakı da gözlənilir.
Konfrans oktyabrın 5-6-da Beynəlxalq Maliyyə Mərkəzində keçiriləcək.
Bundan əvvən AMFA öz üzvləri arasında sorğu keçirib. Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 66 faizi konfransın təşkili fikrinə tərəfdar çıxıb, 31 faizi isə onu maliyyələşdirmək istəyində olduqlarını bildirib.
Hazırda Assosiasiyanın 29 üzvü var.