Bakı.Trend:
Cari ilin aprel ayının sonuna olan vəziyyətə görə, Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 2,875 milyard manat məbləğində 74,449 milyon emal olunmuş ödəniş əməliyyatı həyata keçirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statistik bülletendə bildirilib.
Məlumata əsasən, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların sayı 3,293 milyon və ya 4,6 faiz artıb, əməliyyatların məbləği isə 302 milyon manat və ya 9,5 faiz azalıb.
Ötən ilin aprel ayında Azərbaycanda BKM vasitəsilə ümumilikdə 3,177 milyard manat məbləğində 71,156 milyon ödəniş əməliyyatı həyata keçirilib.
Qeyd edək ki, BKM bank kartları üzrə ödənişlərin təhlükəsiz və operativ emalını təmin edən texnoloji və maliyyə infrastrukturudur. Bu sistem banklar arasında ödəniş məlumatlarının düzgün ötürülməsini və hesablaşmaların yekun şəkildə həyata keçirilməsini təmin edir.
Aprel ayının sonuna olan vəziyyətə görə, bankların və "Azərpoçt" MMC-nin sistemlərində dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 108 min vahid artaraq 22 milyon 518 min karta çatıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 9 faiz artıb.
