Azərbaycan, Bakı, 3 sentyabr /Trend/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Rusiyanın qaz inhisarçısı "Qazprom" şirkəti qaz tədarükü haqqında müqaviləyə əlavə edilməsi barədə saziş imzalayıblar. Əlavəyə əsasən, 2011-ci ildən etibarən alışın həcmi 2 milyard kubmetrədək, 2012-ci ildən isə 2 milyard kubmetrdən çox artacaq. Bu barədə "Qazprom"un məlumatında deyilir.
Saziş Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb.
"Bu gün azərbaycanlı həmkarlarımızla, ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşdə biz cari ilin yanvar-avqustunda Azərbaycandan Rusiyaya qaz tədarükü haqqında sazişin yerinə yetirilməsini, münasibətlərimizin inkişaf imkanlarını təhlil etdik və qaz alışının artırılmasını qərara aldıq. Ərazi yaxınlığı, tranzit zonaların olmaması və artıq mövcud qaz nəqli infrastrukturunun mövcudluğu Azərbaycan və Rusiya arasında qaz üzrə əməkdaşlığın genişləndirilməsini hər iki tərəfdaş üçün kommersiya baxımından sərfəli edir, - "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller deyib.
Azərbaycan qazının Rusiyaya alqı-satqısına dair ortamüddətli müqavilə 2009-cu il oktyabrın 14-də Bakıda imzalanıb. 2010-2014-cü illəri əhatə edən müqaviləyə əsasən, Azərbaycan tərəfi hər il Rusiyaya 500 milyon kubmetrdən az olmayaraq qaz tədarük edəcək. Müqavilədə qaz tədarükünün həcmi göstərilməyib. ARDNŞ yarım il əvvəlcədən qarşı tərəfi tədarük edə biləcəyi həcm barədə məlumatlandıracaq.
Azərbaycan qazının Rusiyaya nəqli 2010-cu ilin yanvarından başlanılıb.
ARDNŞ-nin məlumatına görə, Azərbaycan yanvar-iyul aylarında Rusiyaya ortamüddətli müqavilə çərçivəsində 494,6 milyon kubmetrdən çox qaz ixrac edib. İyulda bu göstərici 66,4 milyon kubmetrdən artıq, iyunda isə 81,54 milyon kubmetr olub.