Macarıstan "Azerbaijan-Georgia-Romania Interconnector"a qoşulmaq niyyətindədir

Energetika Materials 3 Sentyabr 2010 20:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Macarıstan həyata keçirilməsi ilə maye qazın Xəzər regionundan Avropaya nəqlinə imkan verəcək Azərbaycan-Gürcüstan-Rumıniya enerji layihəsinə (AGRI) qoşulmaq niyyətindədir. Məlumatı Ukrayna KİV Rumıniya Prezidenti Trayan Baseskuya istinadən yayıb. Bu barədə Basesku Buxarestdə Macarıstanın xarici işlər naziri Yanoş Martoni ilə keçirdiyi danışıqlardan sonra bəyan edib.

Baseskunun sözlərinə görə, Macarıstanın bu layihədə iştirakı aydın idi, çünki cari ilin sonunadək Rımıniya və Macarıstan qaz şəbəkələrini birləşdirəcək qaz nəqli sistemi hazır olacaq. Macarıstan şəbəkəsi müvafiq olaraq Avstriya şəbəkəsinə birləşəcək və beləliklə, Xəzər regionunun qazını asanlıqla Avropa İttifaqının ayrı-ayrı ölkələrinə tədarük etmək mümkün olacaq.

АGRI (Azerbaijan-Georgia-Romania Interconnector) maye qazın Avropaya nəqli üzrə Azərbaycan-Gürcüstan-Rumıniya layihəsidir.

Mayın 12-də Azərbaycan, Gürcüstan və Rumıniya Tbilisidə bu layihənin həyata keçirilməsi üzrə birgə müəssisənin yaradılmasına dair protokol imzalayıblar. Birgə müəssisə bu layihənin icraçısı kimi çıxış edəcək. O, podratçı-şirkətin seçilməsi və maliyyələşmənin cəlbi üçün tenderin elan edilməsi ilə bağlı bütün zəruri prosedurları həyata keçirəcək.

Aprelin 13-də Buxarestdə Azərbaycan, Gürcüstan və Rumıniya "Maye qazın nəqli sahəsində əməkdaşlıq haqqında" memorandum imzalayıblar.

Layihə Azərbaycandan maye qazın Rumıniyaya tədarükünü nəzərdə tutur. Bunun üçün Gürcüstan və Rumıniyada maye qaz istehsalı üzrə iki zavodun tikilməsi nəzərdə tutulur. İlkin məlumatlara görə, layihənin dəyəri dörd-altı milyard avro təşkil edir.

Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahillərindən qaz kəmərləri vasitəsilə nəqlini, orada xüsusi terminalda mayeləşdirilməsini və bundan sonra tankerlərlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılmasını nəzərdə tutur. Sonra maye qaz təbii qaz halına gətiriləcək və ölkə ərazisində mövcud olan qaz infrastrukturlarından istifadə olunmaqla Rumıniya və digər Avropa ölkələrinin tələbatının təmin edilməsinə yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti