Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir V.Javoronkova/
Çərşənbə günü Yan Biqqs Avstraliyanın Türkiyədə, paralel olaraq Azərbaycan və Gürcüstanda akkreditə olunmuş yeni səfiri təyin olunub. Bu barədə Avstraliyanın Xarici İşlər və Ticarət Nazirliyinin rəsmi saytında deyilir.
Biqqs 2007-ci il sentyabr ayından səfir vəzifəsində çalışan Piter Doylu əvəz edəcək. Biqqsin öz vəzifəsinə 2011-ci ilin yanvarında başlayacağı gözlənilir.
"Türkiyə Avstraliyanın mühüm, nüfuzlu tərəfdaşıdır. Bizim məhsuldar və geniş ikitərəfli münasibətlərimiz var. Avstraliya Gürcüstan və Azərbaycan ilə əməkdaşlıq edir. Biz çoxcəhətli forum, o cümlədən Əfqanıstanda Beynəlxalq təhlükəsizliyə yardım qüvvələri (ISAF) və ATƏT çərçivəsində birgə çalışırıq", - bu barədə Avstraliyanın xarici işlər və ticarət naziri Hon Stefen Smitin səfirin təyin olunması ilə bağlı müraciətində deyilir.
Biqqs Avstraliyanın Xarici İşlər və Ticarət Nazirliyində böyük təcrübəli diplomatdır, uzun müddət - 2008-ci ilin avqustundan Nüvə silahının yayılmaması və silahsızlaşdırma məsələləri üzrə Beynəlxalq Komissiyanın Katibliyinin rəhbəri olub.
Bundan əvvəl o, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) baş direktorunun xüsusi köməkçisi vəzifəsində çalışıb.
Biqqs 2005-2008-ci illərdə Səudiyyə Ərəbistanında səfir işləyib. Ondan əvvəl isə Avstriya, Suriya, Səudiyyə Ərəbistanı və Misir kimi ölkələrdə müxtəlif vəzifələrdə çalışıb.