...

Azərbaycanda ilk qış turizm kompleksi gələn ilin əvvəlindən turistlərini qəbul edə biləcək

Cəmiyyət Materials 29 Sentyabr 2011 16:22 (UTC +04:00)
Azərbaycanda inşa edilən Şahdağ Qış-Yay Turizm Kompleksi gələn ilin əvvəlində ilk turistlərini qəbul edə biləcək.
Azərbaycanda ilk qış turizm kompleksi gələn ilin əvvəlindən turistlərini qəbul edə biləcək

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda inşa edilən Şahdağ Qış-Yay Turizm Kompleksi gələn ilin əvvəlində ilk turistlərini qəbul edə biləcək. Bunu cümə axşamı Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə kompleks hotelin yerləşmə qabiliyyətinə uyğun sayda turist qəbul edə biləcək.

Kompleksdə turistlərə göstərilən xidmətlərin qiymətlərinə gəldikdə, Qurbanov qiymətlərin dünya bazarına uyğun olacağını söyləyib. O qeyd edib ki, nazirlik də bu qiymətlərin dünya qiymətlərindən yüksək olmamasına çalışacaq.

Aparat rəhbəri əlavə edib ki, bu ilin sonunda kompleksdə tikilən bir hotel istifadəyə veriləcək. Gələn ilin sonunadək bir çox işlərin həyata keçiriləcəyi gözlənilir.

Şahdağ Qış-Yay Turizm Kompleksinin yaradılmasının hazırda Azərbaycanın turizm sektorunda həyata keçirilən ən böyük layihə olduğunu xatırladan Qurbanovun sözlərinə görə, bu mərkəzin yaradılması məqsədilə dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb.

Bu vəsait hesabına ilkin mərhələdə kompleks üçün müvafiq infrastruktur yaradılır.

"Sözsüz ki, böyük sərmayələr məhz bu infrastruktura sərf olunur. Təbii ki, onun digər texniki məsələləri həll olunmalıdır. Qış istirahət mərkəzi olduğu üçün burada xüsusi kanat yolları quraşdırılır", - Aparat rəhbəri deyib.

O bildirib ki, dövlətin bu kompleksin tikintisinə ayıracağı maliyyə vəsaiti 1 milyard ABŞ dollarından çox olacaq. Kompleksdə yerləşdirmə obyektlərinin tikilib istifadəyə verilməsi üçün də böyük investisiyalar cəlb olunmalıdır.

"Yəqin ki, gələcəkdə orada yerləşdirmə obyektlərinin, ictimai iaşə obyektlərinin tikilməsi, nəqliyyat infrastrukturunun yaradılması üçün özəl müəssisələr də sərmayə qoyacaq. Özəl sektorun bu kompleksə nə qədər investisiya yatıracağını deyə bilmərəm", - Qurbanov deyib.

Şahdağ Qış-Yay Turizm Kompleksi Qusar rayonunun mərkəzindən 32 km məsafədə olacaq. Kompleksin ümumi tikintisi 4 mərhələyə bölünüb. Hazırda I mərhələ üzrə tikinti işləri aparılır.

Xəbər lenti

Xəbər lenti