...

Türkiyə Vəkillər Kollegiyaları Birliyi İdarə Heyətinin üzvləri "Azərbaycan Hüquq İslahatları Mərkəzi"ndə olublar

Cəmiyyət Materials 22 Noyabr 2013 12:07 (UTC +04:00)
"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin (İB) sədri, Vəkillər Kollegiyasının Rəyasət heyətinin üzvü Anar Bağırov ölkəmizdə səfərdə olan Türkiyə Vəkillər Kollegiyaları Birliyinin İdarə heyətinin üzvləri ilə görüşüb.
Türkiyə Vəkillər Kollegiyaları Birliyi İdarə Heyətinin üzvləri "Azərbaycan Hüquq İslahatları Mərkəzi"ndə olublar

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin (İB) sədri, Vəkillər Kollegiyasının Rəyasət heyətinin üzvü Anar Bağırov ölkəmizdə səfərdə olan Türkiyə Vəkillər Kollegiyaları Birliyinin İdarə heyətinin üzvləri ilə görüşüb. Görüşdə Azərbaycan və Türkiyə arasında olan hüquqi əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

İB-dən Trend-ə verilən məlumata görə, görüş zamanı Anar Bağırov sədri olduğu "Azərbaycan Hüquq İslahatlari Mərkəzi"nin əsas fəaliyyət istiqamətləri, məqsədləri, həyata keçirdiyi və həyata keçirilməsi nəzərdə tutulan layihələri barədə qonaqlara məlumat verib.

Bundan başqa Azərbaycanda aparılan mütərəqqi məkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması və ölkənin regionlarının inkişafı məqsədilə yeni məhkəmələr, o cümlədən regionlarda yeni apellyasiya məhkəmələri yaradılması, hakimlərin sayının artırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə infrastrukturunun yaxşılaşdırılması, Ədliyyə Akademiyasının yaradılması və s. görülən işlər haqqında qonaqlara məlumat verilib.

Anar Bağırovun özünün də üzvü olduğu Hakimlərin Seçki Komitəsinin fəaliyyətinin bir çox ölkələrin ekspertləri tərəfindən yüksək şəkildə dəyərləndirilməsini xüsusilə vurğulayıb. İctimai birliyin sədri bu islahatların Vəkillik institutundan da yan keçmədiyini və nəticədə son 10 il ərzində vəkillərin sayının 2,5 dəfə artmasını Türkiyəli vəkillərin nəzərinə çatdırıb. Eyni zamanda, qeyd olunub ki, iki ölkə arasında olan hüquqi əməkdaşlıq və bu sahədə olan qarşılıqlı təcrübə mübadiləsi hər iki ölkənin hüquq sisteminə çox böyük töhfə verib və bundan sonra da verəcək.

Türkiyə Vəkillər Kollegiyaları Birliyi İdarə heyətinin üzvü, vəkil Kürşat Karacabəy isə öz növbəsində bildirib ki, Azərbaycan və Türkiyə arasında olan sıx qardaşlıq əlaqələrinin özünü hüquq müstəvisində də göstərməsi onların maraq dairəsindədir və bu məmnunluq doğurur.

Görüş zamanı Kürşat Karacabəy Azərbaycanla Ermənistan arasında olan Dağlıq Qarabağ probleminə də toxunub və bu məsələdə Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu xüsusilə qeyd edib. Türkiyəli qonaq Azərbaycanda keçirilən hüquq islahatlarının onda çox müsbət təəsürat yaratdığını bildirib.

Türkiyə Vəkillər Kollegiyaları Birliyi İdarə heyətinin üzvü, vəkil İzzət Varan isə Azərbaycanda mövcüd olan hüquq sisteminin vəziyyəti ilə tanışlıq çərçivəsində diqqətini daha çox yeni yaradılmış "ASAN xidmət" mərkəzlərinin cəlb etdiyini qeyd edib. Vətəndaşların bir sıra dövlət orqanlarının xidmətlərindən bir məkanda istifadə edərək işlərinin xeyli asanlaşmasını müsbət qiymətləndirən İzzət Varan, analoqu olmayan bu təcrübədən istifadənin bir çox ölkələr üçün, o cümlədən Türkiyə üçün çox müsbət hal olacağını qeyd edib. Eyni zamanda, ölkəmizdə yeni məhkəmə binalarında olarkən ordakı infrastrukturun onu yaxşı mənada təəccübləndirdiyini də Türkiyəli vəkil sözlərinə əlavə edib.

Türkiyə Cümhuriyyətində 1924-cü ildə qəbul olunmuş "Vəkillik haqqında" qanunda dəyişikliklər edilməsini labüd hesab edən İzzət Varan qanunun yeni formasını hazırlayarkən öz sferasında ən mükəmməllərdən hesab olunan 1999-cu ildə qəbul edilmiş AR "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanundan da bəhrələnəcəklərini bildirib.

Türkiyəli vəkil Səidə Ekmən hər iki ölkənin vəkillərinin və ümumiyyətlə hüquqşünaslarının qarşılıqlı əməkdaşlığının daha da inkişaf etdirilməsinin önəmliliyini vurğulayıb. Vəkil hesab edir ki, bu əməkdaşlıq hər iki ölkənin hüquqşünaslarının fəaliyyətinə müsbət təsir edərək, təcrübi və praktiki baxımdan onlara çox kömək olacaqdır.

Sonda türkiyəli qonaqlar Anar Bağırova maraqlı və səmimi ortamda keçən görüş üçün təşəkkür edib, bu əlaqələrin davamlı olacağını bildirərək ona Türkiyə Vəkillər Kollegiyasının xüsusi tərtibatla işlənmiş loqosunu hədiyyə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti