Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir T.Hacıyev/
Bakı Şəhər Təhsil İdarəsi məktəbəqədər hazırlıq kurslarından orta məktəblərə gedən şagirdlərin az olmasından narahatdır.
"Bakı Şəhər Təhsil İdarəsinin tabelyində olan məktəblərə uşaqların yalnız 25 faizi məktəbə hazırlıq qruplarından gedir. Bu vəziyyətdən çıxış yollarından biri məktəbəqədər hazırlıq qrupları şəbəkəsinin genişləndirilməsi ola bilər", - Trend-in məlumatına görə, bunu bazar ertəsi keçirilən konfransda Bakı Şəhər Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva bildirib.
Rzaquliyeva deyib ki, məktəbə hazırlıq qruplarının şəbəkəsinin genişləndirilməsinə mane olan səbəblər var.
"Aparılan təhlillər göstərir ki, Bakı şəhərində yerləşən uşaq bağçalarının mövcud səviyyəsi bu işin öhdəsindən gələcək səviyyədə deyil", - Rzaquliyeva qeyd edib.
Onun sözlərinə görə, Bakıda olan 309 uşaq bağçasında mövcud qrup otağının 1 009 ədədi təyinatı üzrə istifadə olunmur. Otaqlardan istifadə olunmamasının səbəbi 38-nin təmirsiz olması, 700-də məcburi köçkünlərinin məskunlaşmaları, 271 otaqda isə təhsilə aidiyyəti olmayan təşkilatların yerləşdirilməsidir.
Bağçayaşlı uşaqların cəmi 50 fazi bağçalara cəlb olunub.
Rzaquliyeva, həmçinin, bildirib ki, ötən illərlə müqayisədə 2010-2011-ci il dərs ili üzrə ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin çəkisi artıb. Məzunların 44,35 faizi tələbə adını qazanıb. Məzunların orta keçid balı ötən illərə nisbətən 9 fazi artıb.
Bu il 600 bal toplayanların sayı ötən illə müqayisədə 40 faiz artıb.