Uranın 20 faiz zənginləşdirilməsini Nətənz nüvə stansiyasında həyata keçiririk - İran rəsmisi

Dünya xəbərləri Materials 9 Fevral 2010 12:06 (UTC +04:00)

İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi bildirib ki, uranın 20 faizə qədər zənginləşdirilməsinə Nətənz nüvə stansiyasında bu gündən başlamışıq. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Salehi əlavə edib ki, Nətənz nüvə stansiyasında hazırda gedən zənginləşdirmə prosesi davam edir və uranın 20 faizlik zənginləşdirmə prosesini həyata keçirmək üçün Nətənzdə S8 adlı laboratoriya şəraitində yeni şəlalələr quraşdırmışıq.

Onun sözlərinə görə, yeni şəlalələr Nətənz zənginləşdirmə zavodunun əsas salonundan ayrı yerdə quraşdırılıb.

"Sentrifuqaların şəlalərinin quraşdırılma sırası və tərtibi dəyişdirilərək 3.5 faizlik uranı sentrifuqalara yüklənəcək və 20 faizə qədər zənginləşdiriləcək", - Salehi deyib.

Salehi MAQATE-nin İranın nüvə proqramına nəzarəti haqqında bildirib ki, MAQATE müfəttişləri həmişə İranda nəzarət aparır və iki həftədən bir dəyişirlər.

20 faizlik zənginləşdirməyə başlamaq haqda MAQATE-yə iki məktub ünvanlamışıq və MAQATE müfəttişləri bu gün zənginləşdirmə prosesinə nəzarət edir.

Salehi sonda bildirib ki, uranın 20 faizə qədər zənginləşdirilməsinə başlamağımız müzakirələrin kəsilməsi anlamına gəlmir, əgər müzakirə tərəfləri süründürməçilikdən əl çəksələr, İran həmişə əməkdaşlıq etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti