Azərbaycan, Bakı, 13 aprel /Trend/
"Rossiya 1" telekanalının "Vesti nedeli" həftəlik analitik proqramında Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı süjet nümayiş olunub.
Trend-in məlumatına görə, süjetdə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva ilə qısa müsahibə də verilib.
Qeyd edək ki, iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunları Avropa tarixində bu tipdə ilk tədbir olacaq.
Bakıda ümumilikdə 20 idman növü üzrə yarışlar keçiriləcək. Onlardan 16-sı olimpiya idman növü, 4-ü isə qeyri-olimpiya idman növüdür. Avropanın müxtəlif ölkələrindən 6 min idmançının Avropa Oyunlarında iştirak üçün Bakıya gəlməsi gözlənilir.