...

Bakıda "Oyunlar zolağı"nı tapdalayan yüzlərlə sürücü cəzalandırılıb

Baku 2015 : EUROGAMES Materials 29 May 2015 17:28 (UTC +04:00)
Paytaxt yollarında qaydanı pozaraq “Oyunlar zolağı”nı tapdalayan 600-dən çox avtomobil sürücüsü barəsində elektron protokol tərtib edilib.
Bakıda "Oyunlar zolağı"nı tapdalayan yüzlərlə sürücü cəzalandırılıb

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İlkin İzzət/

Paytaxt yollarında qaydanı pozaraq "Oyunlar zolağı"nı tapdalayan 600-dən çox avtomobil sürücüsü barəsində elektron protokol tərtib edilib. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi qeyd edib ki, mayın 29-da səhər saat 08:00-dan saat 17:10-dək olan məlumata görə, Mərkəzi Məlumat Xidmətinin (MMX) nəzarət kameraları tərəfindən Bakı şəhəri ərazisində rəsmi icazəsi olmadan "Oyunlar zolağı" üzrə hərəkət edən 624 avtomobilin sürücüsü barəsində elektron qaydada inzibati protokol tərtib edilib. Qeydə alınan qayda pozuntuları sənədləşdirilir və sürücülərin ünvanlarına göndərilir.

Onun sözlərinə görə, mayın 29-dan etibarən Avropa Oyunları ilə əlaqədar müəyyən edilən nəqliyyat vasitələrindən savayı, digər avtomobillərin həmin zolağa çıxması qadağandır: "Bir daha xatırladırıq ki, bununla bağlı qaydanı pozanlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.1-ci maddəsinə müvafiq olaraq yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə 40 manat miqdarında cərimə olunurlar. Əgər "Oyunlar zolağı" digər yol zolaqları ilə kəsişirsə, bu zaman, eləcə də yolayrıcılarda hərəkət üstünlüyü xüsusi yola verilməlidir. Yəni kəsişən yolla hərəkət edən sürücü yalnız xüsusi yolda hərəkət edən avtomobili buraxdıqdan sonra hərəkətini davam etdirə bilər. Bu qaydanı pozan və qəza şəraiti yaradan sürücülər İXM-in 151.2-ci maddəsinə əsasən, 80 manat, üstəgəl, 4 cərimə balı ilə cərimələnirlər".

V.Əsədov əhalini və sürücüləri bir daha qayda-qanunlara əməl etməyə və bütün dünyaya yüksək yol mədəniyyəti nümayiş etdirməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti