...

İstanbul macəraları: İlk Azərbaycan jurnalisti İbrahim Tatlısesin müalicə olunduğu xəstəxanada (I HİSSƏ-FOTO)

Mədəniyyət Materials 2 Aprel 2011 17:45 (UTC +04:00)
İstanbul macəraları: İlk Azərbaycan jurnalisti İbrahim Tatlısesin müalicə olunduğu xəstəxanada
İstanbul macəraları: İlk Azərbaycan jurnalisti İbrahim Tatlısesin müalicə olunduğu xəstəxanada (I HİSSƏ-FOTO)

Türkiyə, İstanbul, 2 aprel /Trend, müxbir Ş.Cavadsoy/

İstanbul, İstanbul, İstanbul. Xəyallarımın gerçək ünvanı hesab etdiyim Türkiyənin bu böyük şəhərinə gedəcəyimi planlaşdırmağı çoxdan düşünsəm də nədənsə ilk anda hər şey istədiyim kimi olmadı. Nəzərə alanda ki, Bakıda fəaliyyət göstərən turizm şirkətləri minumum bir həftə öncə qardaş ölkədə yerləşən hotellərə bron etmək iqtidarındadırlar, o zaman bayram günlərində İstanbula gedəcəyimi sadəcə ötəri həvəs kimi özlüyümdə qiymətləndirdim. Amma atalar demiş, ümid ən sonda ölür. Yaxın dostlarımdan biri, Lider TV-də yayımlanan "Rəngarəng" verilişinin rejissoru Aynurə Tahirqızı martın 23-ü zəng edərək xəbər verdi ki, "Facebook" sosial şəbəkəsində "Riad Tour" turizm şirkəti, İstanbula tətilə getmək arzusunda olan azərbaycanlı turistlər üçün yeni bir əlverişli kampaniyaya başlayıb. Düzü, bayram günlərində turizm şirkətlərinin fəaliyyət göstərməsi, hardasa çox sevindirici oldu mənim üçün. Dərhal başqa dostlarımın məsləhəti ilə sözügedən tur-agentliyə zəng edib, səfər etmək istəyimi onlarla bölüşdüm. Yazsam ki, cəmi 20 dəqiqə ərzində başda satış üzrə menecer Günay Məhərrəmova olmaqla, şirkətin əməkdaşları həm hotelə bir gün öncə bron etdilər və "AZAL"dan təyyarə biletini tapmağa müvəffəq oldular, yəqin hardasa mənim kimi sizə də qəribə gələr. Amma bu baş verdi. Xarici pasportumun qeydiyyatı elə asanlıqla reallaşdı ki, Bakıda ola-ola özümü artıq İstanbulda hiss etməyə başlamışdım.

Təyyarəyə minmək vaxtım saat 12:00-a olduğu üçün artıq on tamamda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idim. Ölkədən çıxışım üçün bütün yoxlama prosedurlarını geridə qoyub, üzərində "Lerik" yazılan hava gəmisi ilə ilk dəfə göyün yeddinci qatına qalxmaq şərəfinə nail oldum. 30 yaşını geridə qoyan gənc kimi təyyarəyə minməyi özümə şərəf bilməyim də sizə gülməli gəlməsin. Çünki təyyarə fobiyasından əziyyət çəkdiyim üçün yalnız ötən il özümə xarici pasport düzəltməyə qərar vermişdim. İçimdə illərdən bəri bir qorxu var idi. Hava gəmisində hansısa ölkəyə uçmaq çox təhlükəlidir və Allah göstərməsin, təyyarə göyə qalxdığında mən həyatımla vidalaşa bilərəm. Amma gözlədiklərimin tam əksi baş verdi. Mehriban stüardessaların xoş çöhrəsi içimdəki bütün mənfi fikirləri alt-üst etdi. Və bir də xoş təsadüfdən İqtisad Universitetində mənə ingilis dilindən dərs demiş Xavər müəllimə öz həyat yoldaşı, eləcə də "Aramızda qalsın" serialından yaxşı tanınan aktyorlar - "Simsar" teatr-studiyasının aktyoru Qurban Məsimov və Rus Dram Teatrının aktyoru Rüfət Nəzərovla oturacaqlarımız yanaşı düşdü. O qədər gülüb-danışdıq ki, 2 saat 20 dəqiqəlik yolun necə gəlib-keçdiyini hiss etmədim. Xüsusi olaraq vurğulayım ki, hələ hava limanında olarkən özümə daha bir yaxşı dost qazanmışdım. Bu, musiqişünas Cahangir Səlimxanov idi. O, Netbukunun köməkliyindən yararlanıb, mənə İstanbulun Eminönü səmtində yerləşən qalacağım hotelin dəqiq ünvanını tapmağıma kömək etdi. Cahangir müəllimin məsləhəti o oldu ki, İstanbula ilk səfərim olduğu üçün taksi xidmətindən yararlanmayım. "Atatürk Beynəlxalq Hava Limanı"nın ən aşağı mərtəbəsində metro stansiyası var. Yaxşısı budur ki, sən həmin stansiyadan qatara minib, sonuncu stansiyaya qədər - Aksaray rayonuna metro ilə gedəsən. Bu həm sənin cibinə xeyirlidir, həm də İstanbulu sürət qatarında görməyin üçün ən ideal variantdır", - dedi Cahangir müəllim.

Nəhayət səbirsizliklə gözlədiyim an baş verdi. Və aeroportun sərhəd zonasında Bakı-İstanbul reysi ilə yola düşəcək bütün sərnişinlər hava gəmisinə minməkdən ötrü yol alırlar. Uçuşun necə keçdiyini yuxarıda qısaca izah etdiyimdən, Atatürk Beynəlxalq Hava Limanına eniş etdiyimiz vaxtın həyəcanını sizinlə bölüşürəm. Bəli, çox keçmir ki, təyyarə kapitanının sonuncu dəfə səsi salonda eşidilir: "Hörmətli sərnişinlər biz artıq İstanbuldayıq". Kapitanın xoş xəbərini alqışlarla qarşılayan sərnişinlər növbə ilə əl çantalarını götürüb təyyarədən endilər. Mən də müəlliməm və onun həyat yoldaşı, eləcə də daha yaxından dostlaşdığım aktyorların maraqlı söhbətlərinə qulaq asa-asa izdihama qoşulub, əzəmətli hava limanına ilk addımları atdım. Pasport qeydiyyatımıza baxışı da uğurla tamamlayıb, məni israrla gedəcəyim ünvana aparmaq istəyən yol yoldaşlarımla sağollaşdım. Və Cahangir müəllimin dediyi kimi, İstanbul aeroportunun ən aşağı mərtəbəsində jeton alıb, metro stansiyasına daxil oldum. Və qarşıda məni gözləyən arzu etdiyim macəraları gerçəkləşdirməkdən ötrü yola çıxdım...

İstanbulda 4 gün 5 gecə qalacağım dəqiq olduğu üçün bacardığımdan da artıq var gücümü səfərbər etməyim aydın məsələ idi. Qardaş ölkəyə ezam olunmağımın əsas məqsədi isə 14 mart tarixində sui-qəsdə məruz qalıb başından odlu silahla yararlanan türk musiqisinin imperatoru İbrahim Tatlısesin yaşadığı üzücü hadisəni yaxından işıqlandırmaq idi. Türk dünyasında, eləcə də dünyanın dörd bir yanında yaşayan Tatlıses fanatlarının diqqətdə saxladıqları bu hadisənin təfərrüatlarını öyrənmək ardınca sərhəd keçib, tanımadığın insanların arasında bir neçə gün yaşayacağımın çox çətin olacağını bilsəm də məsuliyyətdən heç də ehtiyatlanmırdım.

Atatürk Beynəlxalq Hava Limanından qalacağım hotelə yerləşməkdən ötrü metro ilə Aksaray rayonuna yol aldım. 40 dəqiqə davam edən yolum saatın əqrəbləri 14.00-ı göstərəndə tamamlandı. Qatar sonuncu stansiyaya çatdığı üçün bütün sərnişinlər kimi mən də hələ də sehrindən ayrılmadığım yeraltı aləmlə mütləq sağollaşmalı idim. Aksaray meydanına çatan kimi ilk işim özümə mobil nömrə almaq oldu. Adətən turistlər mobil telefondan istifadə etməklə sırf əzizləri ilə danışırlarsa, mənim üçün görüşəcəyim insanlarla öncədən telefon əlaqəsi qurmaq daha vacib idi. Türkcə sərbəst danışmaq kompleksim olmadığı üçün xarici görünüşümün türklərdən seçilməməsi üçün yaxınlıqdakı mağazaların birindən cəmi bir dəst geyim almaqla, bir neçə günlüyə olsa da qardaşlarımızdan seçilməmək niyyətimi də reallaşdırdım. İstanbula gəlib tramvaya minməmək çox böyük günah olardı mənim üçün. Ona görə də Aksaraydan, Eminönü rayonunun Sirkeci səmtində yerləşən "Askoc Hotel"ə məhz tramvayla getməyə üstünlük verdim. Açığı hotelin transfer xidmətindən ona görə yararlanmadım ki, özüm İstanbulun gəzməli-görməli yerlərini təkbaşına dolaşıb insanların həyat tərzi ilə daha yaxından tanış olum. Bakıdan təkcə əl çantası ilə gəldiyim üçün fotoaparatı boynumdan çıxarmadan gördüyüm hər anın qədrini bilib fotolar çəkirdim. Soruşa-soruşa axır ki, qalacağım hotelə gəlib çıxdım. Və artıq mənə məxsus 610 saylı hotel otağına yerləşdim. Hava yavaş-yavaş qaraldığı üçün yorğunluq yuxusunu almağımı bir az yubatdım, Eminönünün axşam mənzərəsini çəkməkdən ötrü yenidən tanımadığım rayonu dolaşmağa çıxdım. Bu yerdə böyük hərflərlə yazmaq yerinə düşərdi ki, türklərin kübarlığı, sərbəst həyat yaşayışları səfərim boyu diqqətimdən yayınmadı. Şəxsən öz adımdan yaza bilərəm ki, azərbaycanlı olduğumu bilib hörmətlə yanaşanlar bir də jurnalist kimi qardaş ölkəyə səfər etdiyimi biləndə daha böyük maraqla gəlişimin məqsədini öyrənməyə can atdılar. İndi Türkiyəyə qısamüddətli səfər edən yerli müğənnilərimizi daha yaxşı başa düşürəm ki, onlar nə üçün Bakıya qayıtdıqdan sonra türkcə danışırlar. Yenə də özümdən nümunə gətirmək istərdim ki, adamın özündən asılı olmur Azərbaycan dilində danışmamaq. Çünki qaynayan izdihamın içində baş çıxarmaq üçün türk dilində danışmalısan ki, özünü qərib kimi hiss etməyəsən və ən azından gedəcəyin ünvanın harada yerləşdiyini dəqiq öyrənə biləsən. Mən də məhz bunu əlimdə rəhbər tutaraq, küçədə dolaşan insanlarla söhbət edir, reportajımın uğurlu alınması üçün çoxlu sayda şəkillər çəkməkdən doymurdum. Gördüyü işdən, tutduğu vəzifəsindən asılı olmayaraq, rastlaşdığım insanlar şəhərlərini tanıtmaq məqsədi ilə fotokameramın qarşısında dayanmaqdan imtina etmədilər. Saat 22.00 radələrində sevdiyim türk çörəyi və sulu pendir, xama, 3 şirin istiot və cəmi 4 xiyar, fanta, mineral su, qazos, şokoladlar alıb hotelə qayıtdım. Çünki səhər yeməyi saat 07.00-da başlanacaqdı. O saata qədər isə anamın çantama qoyduğu yeməklərdən dadmalı idim. Yazsam ki, bəzi xarab olmayan ərzaqları elə özümlə Bakıya gətirdim, bəlkə də çoxlarına qəribə gələ bilər. Əmin olun ki, şou-biznesdən yazan, daim müğənnilərin özəl həyatlarını işıqlandıran jurnalist kimi bu sözləri yazmaq heç də mənim üçün utancverici deyil. Əksinə, qürurla yazıram ki, xəyallarımın şəhərində adicə su içməyimin də məxsusi xatirəsi qalıb ürəyimdə...

Aldığım ərzaqlardan çox az dadıb dərin yuxuya daldım. Və saat 08.00 radələrində yuxudan oyandım. Mənə elə gəlirdi ki, dünən yaşadıqlarımın hamısı sadəcə şirin yuxu idi. Və Bakıdakı evimizdəyəm. Yuxulu olsam da ətrafa yaxşı-yaxşı göz gəzdirəndə fərqinə vardım ki, hotel otağındayam.

Səhər yeməyinə getmək üçün hazırlanıb aşağı düşürəm. Vurğulamaq yerinə düşərdi ki, bu mənim hoteldə yediyim birinci və sonuncu səhər yeməyi oldu. Yeni günün başlanğıcı mənim üçün ilk gərgin iş günüm kimi yadımda qaldı...

Türkiyənin tanınmış müğənnisi və uzun illərdən bəri telekanallarda səhər verilişləri hazırlayan Seda Sayan, İbrahim Tatlısesin yaxın dostlarından biridir və "Show TV"də aparıcısı olduğu "Sabahın Sedası" şousunda terrora məruz qalan sənətçi barəsində ən son xəbərləri öz tamaşaçılarına çatdırır. Bu səbəbdən də ilk işim kimi, İstanbulun 1-ci Levent rayonunda yerləşən telekanalın korpuslarından birinə yollandım. Bura yaşadığım əraziyə ən yaxın yer olduğu üçün fikrimcə, düz də etmişdim. Telekanalda gəlişimin məqsədini alqışlayan həmkarlarımdan bir neçəsi dərhal mənə kömək etdilər. Seda Sayanın çalışdığı komandanın üzvü, mətbuat katibi Şərifə xanımın şəxsi nömrəsini əldə edib TV işçilərini çox da narahat etmədim. Amma mətbuat katibi ilə telefon danışığımız elə də uğurlu alınmadı. "Seda xanım günorta saatlarında Kiprə uçacaq. Həftə sonu konsertləri olduğundan sizinlə heç cürə görüşə bilməyəcək. Həm də İbrahim Tatlıseslə bağlı danışmaq istəmir. Yaxın dost kimi elə sarsıntı içərisindədir ki, media mənsubları da onun bu istəyinə hörmətlə yanaşır. Azərbaycan xalqına sevgilərini çatdırın", - Şərifə xanım belə dedi.

Planlaşdırdığım ilk görüşün belə sonluqla bitəcəyini gözləməsəm də əsla ruhdan düşmədim. Əhval-ruhiyyəm yüksək olduğu üçün özümü müsbət notlara köklədim ki, sanki Seda Sayandan müsahibə aldım və indi yolumu davam etdirməliyəm. Ən azından bilirdim ki, şəhərin Maslak rayonunda yerləşən və "imperator"un müalicəsini indi də davam etdirdiyi "Acıbadem" xəstəxanasına getməklə, lazım olan informasiyaları öyrənəcəkdim. İstəyimə nail oldum da. Geniş sahəni əhatə edən ərazidə yerləşən xəstəxanaya avtobusla getdim (istər metro, istərsə digər nəqliyyat vasitələrində - avtobus, tramvay, metrobüsdə gedişhaqqı minimum 1 lirə 75 quruşdur (85 qəpik), taksilərdə isə 1 km 1 lirə (52 qəpik) - Ş.C.). Həm türk televiziyalarının yayımladıqları, həm də internet saytlarında dərc olunan xəbərlərdə yetərincə bu xəstəxana haqqında məlumatlı idim. Xəstəxananın mərkəzi qapısından yox, arxa tərəfindən içəri keçməyin əlverişli olmasını isə xəstəxanada qohumlarını ziyarətə gələn bir kişidən öyrəndim. İki giriş qapısı olan müalicə kompleksinin arxa qapısına daxil olmağıma az qalmış gülərüzlü mühafizə xidmətinin əməkdaşları ilə qarşılaşdım. Özümü təqdim edib gəlişimin məqsədini onlara bildirdim. Dərhal "Acıbadem"in ictimaiyyətlə əlaqələr şobəsinə xəbər verildi ki, Azərbaycandan jurnalist gəlib. Taxdığım vəsiqəyə, boynumdakı fotoaparata diqqətlə baxan mühafizəçilər ilk jurnalist kimi mənə, İbrahim Tatlısesin xəstəxanaya yerləşdirilməsindən sonra qəbul şöbəsinə keçməyimə icazə verdilər. Bir şərtlə ki, fotoçəkiliş aparmaq olmaz. Onların bu şərtlərinə ciddi yanaşdım və fotolardan da göründüyü kimi, xəstəxananın içərisində heç bir çəkiliş aparmadım. Burada da gülərüzlü personalla rastlaşdım. Haqqımda daha ətraflı məlumat öyrəndikdən sonra xəstəxananın ictimaiyyətlə əlaqələr şobəsinin əməkdaşı xanım Seral Çeliklə şəxsən görüşümü təşkil etdilər.

"Məlum olduğu kimi, Türkiyənin tanınmış beyin cərrahı İlhan Elmacı İbrahim Tatlısesi həm cərrahiyyə əməliyyatı edib, həm də hazırda müalicəsini uğurla davam etdirməkdən ötrü bütün gücünü səfərbər edib. Türkiyəni sarsıdan bu hadisənin qardaş Azərbaycanda da belə yaxından izləndiyini və bu hadisəyə görə jurnalistin reportaj hazırlamaqdan ötrü xəstəxanamıza qədər gəlməyini olduqca təqdirəlayiq hal kimi qiymətləndiririk. Amma "Acıbadem"in qanunlara görə, xəstəxana rəhbərliyi İlhan həkimin jurnalistlərlə əlaqə yaratmasına müəyyən şərtlər qoyub. Bu da mediada əsassız şaiyələrin yayılmaması üçün atılan addımdır. Press-relizlər hazırlanır və mütəmadi olaraq KİV-ə ötürülür. Azərbaycanda yaşayan fanatlarına çatdırın ki, İbrahim bəyin səhhəti sürətlə yaxşılaşmağa doğru gedir və qısa zaman ərzində sağlamlığını bərpa edərək ayağa qalxacaq", - Seral xanım belə dedi (2 aprel tarixində Türkiyə mətbuatında yazılan xəbərlərə görə İbrahim Tatlısesin səhhətində yaxşılaşma daha sürətlənir, sənətçi özünü yaxşı hiss edir-Ş.C).

Olduqca səmimi olan xəstəxana əməkdaşı daha sonra reportaj hazırlamaq üçün gələn iki türk jurnalist xanımla məni tanış etdi. Seral xanım məni, Türkiyənin "ATV" telekanalının tanınmış maqazin müxbiri İlke Uğurlu və "Hürriyyət" qəzetinin "Kelebek" əyləncəli əlavəsinin yazarı Büşra Bozokla tanış etdi ki, onlardan İbonun səhhəti ilə bağlı daha ətraflı məlumat öyrənə bilim. Həmkarlarımın Azərbaycanla bağlı yetərincə məlumatı olmadıqları bəlli idi. İlkedən fərqli olaraq, Büşra illər öncə tanınmış türk müğənnisi Mustafa Sandalın Bakıda verdiyi konsertdə iştirak etməsi ilə bağlı xatirələrini bölüşdü. Hətta o, mobil telefonu vasitəsilə mail-adresimə Tatlısesin palatada çəkilmiş fotosunu da göndərdi (diqqətli oxucularımız həmin fotonu yayınladığımızı yəqin ki, unutmayıblar - red). Jurnalistlərlə söhbətim səmimi keçdi və onların iş şəraitinin necə ağır olduğunun şahidi oldum. Söhbətimiz zamanı "ATV" telekanalında operator vəzifəsində çalışan Çetin bəyin Türkiyə şou-biznesi ilə əlaqəli olan dəyərli məsləhətlərindən də yararlanmağa çalışırdım. Müğənninin 4 həyat yoldaşı artıq xəstəxananın qonaq evindən ayrıldıqları üçün orada olarkən təkcə İbrahim Tatlısesin aktrisa Derya Tunadan olan oğlu İdonun fotolarını çəkmək imkanım oldu. Müsahibə vermək istəyində olmadığını jestləri ilə göstərən İdo nədənsə fotolarının çəkilməsinə qarşı çıxmadı.

Yenidən xəstəxananın içindən keçib arxa tərəfdə qurulmuş çadıra daxil oluram. Öyrəndim ki, əslində martın 14-də "Acıbadem"in həyətində iki böyük çadır qurulubmuş. Amma 10 gündən sonra çadırlardan yalnız biri saxlanılıb. Türkiyənin bütün bölgələrindən gələn fanatların istirahəti üçün qurulan çadırda isitmə sistemi belə fəaliyyət göstərirdi. Böyük samovarda isə çaylar dəmlənir, fanatları İbrahim bəylə olan xatirələrini bir-biri ilə bölüşürdülər. Bursadan gələn Can adlı bir pərəstişkarı ilə söhbət etdim. İş-gücündən imtina edərək günlərlə xəstəxanada qaldığını söyləyən Can bəy, yatmaqları üçün də xəstəxana rəhbərliyinin hər cür şərait yaratdıqlarını dilə gətirdi.

Çox keçmir ki, xəstəxana həyətində 1948-ci ildən Şanlı Urfada fəaliyyət göstərən "Çekirge" saz qrupunun üzvləri ilə qarşılaşıram. Tanınmış türk ozanı Akif Çekirgenin rəhbərlik etyi qrup üzvləri böyük sevgi ilə məni əhatəyə aldılar. Qeyd edək ki, ünlü türk ozanı Əziz Çekirgenin oğlu Akif Çekirge uzun illərdir ki, İbo ilə dostluq edir və onun başına gələn bu hadisəyə üzülən yaxın dostlarından biri kimi xəstəxana divarları arasında gecələməyi özünə şərəf bilir.

Diqqətdən qaçmayan başqa bir məqam isə İbrahim Tatlısesin şəklinin həkk olunduğu və "Sən yoxsan hər şey əksik" sözlərinin yazıldığı şərflərin satışı idi. 10 lirəyə satılan şərflər nəinki İbrahim fanatları, eləcə də xəstələrə baş çəkməyə gələn digər ziyarətçilər tərəfindən də alınırdı. Hətta özüm də bu şərflərdən birini alıb boynuma taxdım.

Xəstəxanada keçirtdiyim 3 saat ərzində reportajımı tamamlamağı məsləhət bildim, çünki hava qaralmağa doğru gedirdi. Avtobusa minib Beşiktaş səmtinə tərəf yol aldım...

İstanbul macəralarımın birinci hissəsini burada tamamlayıram, amma fürsətdən istifadə edib 5 gün ərzində mənə qəriblik hiss etdirməyən dostlarıma - tanınmış türk prodüseri Kamal Cenk İçtenə, "Riad Tour" turizm şirkətinin rəhbəri Nigar Rəfiyevaya, "Akkaya Production"ın rəhbəri Əhməd Akkayaya, Türkiyə şou-biznesində yetərincə tanınan dörd xanım sənətçi - model Günay Musayeva, müğənnilər Azəri Günel, İradə İbrahimova və Yeganə Akbudaka (Mürsəlovaya), həyat yoldaşı Fatihə, eləcə də Arzu Abıyevaya təşəkkürümü bidirirəm. Sonda vurğulamaq istəyirəm ki, bələdçilik missiyasını sona qədər uğurla davam etdirən qardaşım Cenk bəy İstanbulun istər şou-biznes ulduzları, istər onların gecə həyatı, istərsə də gəzməli-görməli yerləri ilə məni tanış etməkdən yorulmadı. Bütün bunlar haqqında növbəti həftədən etibarən reportajlarımda tanış olmaq imkanınız olacaq.

Foto - Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti