...

Yaşar Nuri mələklərin əhatəsində Habil Əliyevi seçib, "Dədə Qorqud"ə öyüd-nəsihət verdi (FOTO)

Mədəniyyət Materials 17 Oktyabr 2011 15:52 (UTC +04:00)
16 oktyabr tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində xalq artisti Yaşar Nurinin 60 illik yubileyi təntənəli şəkildə qeyd olundu.
Yaşar Nuri mələklərin əhatəsində Habil Əliyevi seçib, "Dədə Qorqud"ə öyüd-nəsihət verdi (FOTO)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

16 oktyabr tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində xalq artisti Yaşar Nurinin 60 illik yubileyi təntənəli şəkildə qeyd olundu.

Trend-in məlumatına görə, əvvəlcə aktyorun sənət fəaliyyətini əks etdirən film tamaşaçılara təqdim olundu. Ardınca isə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səhnəyə çıxaraq yubilyarın Azərbaycan teatr sənətinin inkişafı naminə gördüyü işləri yüksək qiymətləndirdi və yaxınlarda dövlət tərəfindən aldığı "Şöhrət" ordenini Yaşar Nuriyə təqdim etdi.

Səhnədə onun üçün qoyulmuş fəxri kürsüdə - mələklərin əhatəsində əyləşən xalq artisti sənətinə verilən qiymətdən məmnunluqla danışıb, tamaşaçı alqışları ilə mükafatlandırıldığı üçün özünü xoşbəxt hiss etdiyini də gizlətmədi. Qeyd edək ki, tamaşaçı auditoriyasının ziyalılardan ibarət olduğunu vurğulayan Yaşar müəllim xalq artisti, tanınmış kamança ifaçısı Habil Əliyevi yüzlərlə tamaşaçının içərisindən seçib sənətinə olan vurğunluğundan danışdı. Əsl anşlaqla baş tutan yubiley mərasimində səbəbkar tamaşaçılarına minnətdarlıq etməyi də unutmadı.

"Müqəddəs hesab etdiyim səhnədə nə qədər nailiyyətim olubsa, bunu Siz tamaşaçılardan aldığım dəstəyin hesabına əldə etmişəm. Məni aktyor kimi yaşatdığınız üçün təşəkkür edirəm. Xoşbəxt aktyoram. Allah ömür versin, daim sizin üçün yeni-yeni rollar canlandırım", - Yaşar Nuri belə dedi.

Həm Akademik Milli Dram Teatrının aktyorlarının, həm də digər teatr kolletivlərinin təbrik çıxışları onun həmkarları tərəfindən də sevildiyinin məntiqi sübutu idi. Ən maraqlı məqam isə Yaşar Nurinin illər öncə xalq artisti Firəngiz Mütəllimova ilə birgə rol aldığı "Səni axtarıram" televiziya tamaşasından olan səhnəciyin nümayiş oldu. Firəngiz xanım Gülnar obrazını canlandırsa da, Yaşar müəllimin əvəzinə Elçin rolunu Akdemik Milli Dram Teatrının aktyoru Anar Heybətov ifa etdi. Səhnəcikdən sonra "Dədə Qorqud"un səbəbkarı təbrik üçün səhnəyə gəlişi maraqla qarşılandı. Həmişə öyüd-nəsihət verən "Dədə Qorqud" bu dəfə Yaşar Nuri tərəfindən yaxşıca həyat dərsi aldı...

Tamaşaçıların xalq artistinə sual vermək imkanı da oldu. Belə ki, mələklər zala enərək tamaşaçılardan sualları toplayıb səbəbkara təqdim etdilər. Yaşar Nuri sualları böyük məmnuniyyətlə cavablandırdı.

Trend olaraq ünvanlanan bütün təbriklərə qoşulub xalq artistini bir daha təbrik edir, 100 il yaşasın deyirik!

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti