...

Türkiyənin şou-ulduzları Azərbaycanda mükafat aldılar (FOTO)

Mədəniyyət Materials 24 Noyabr 2011 17:45 (UTC +04:00)
Noyabrın 23-də "Buta Palace"da "Xəyal production"ın təşkilatçılığı ilə "The First-2011" milli mükafatının möhtəşəm təqdimetmə mərasimi keçirildi.
Türkiyənin şou-ulduzları Azərbaycanda mükafat aldılar (FOTO)

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir Ş.Cavadsoy/

Noyabrın 23-də "Buta Palace"da "Xəyal production"ın təşkilatçılığı ilə "The First-2011" milli mükafatının möhtəşəm təqdimetmə mərasimi keçirildi. Trend xəbər verir ki, tədbirdə qardaş Türkiyədən dəvət olunan populyar simalar iştirak ediblər.

Onların arasında Türkiyənin tanınmış simaları - şoumen Beyazit Öztürk (Beyaz), "Öyle bir geçer zaman ki..." serialında Ali Kaptan rolunun ifaçısı aktyor Erkan Petekkaya, bəstəkar-müğənni Soner Sarıkabadayı, Türkiyədə yaşayan azərbaycanlı model, vitse "Best Model" Günay Musayeva, modelyer Uğurkan Erez, aktrisa Serenay Sarıkaya, Azərbaycan əsilli müğənni Nursaç Doğanişık, tanınmış türkiyəli modelyer Erol Albayrak və başqaları var idi. Bəzi türk sənətçilərinə modelyer Gülnar Xəlilovanın əl işlərindən ibarət hədiyyələr də təqdim olundu.

Birinci adını qazananlar sırasında, həmçinin, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, millət vəkili Qənirə Paşayeva, İctimai Televiziyanın rəhbərliyi, Türkiyənin "Kanal D" TV-nin əməkdaşları, Azərbaycanın kikboks üzrə 14 qat dünya çempionu Eduard Məmmədov, bəstəkar, əməkdar incəsənət xadimi Gövhər Həsənzadə, tanınmış modelyer Gülnarə Xəlilova, rejissor Samir Fərzəlibəyov da var idi.

Media sahəsində uğurlu fəaliyyətinə görə Day.Az Media Şirkəti "The First" mükafatına layiq görüldü. Mükafat şirkətin direktor müavini Sevda İlhamqızıya təqdim olundu.

Xəyal Rza və İTV-nin simalarından biri Hüsniyyə Məhərəmmovanın aparıcılığı ilə baş tutan təqdimat mərasimində yerli müğənnilərdən populyar estrada müğənnisi Röya Ayxan seçilənlərdən oldu.

Təqdimat mərasimi daha sonra şəhər restoranlarının birində təşkil olunan ziyafətlə gecəyarısına qədər davam etdi. Təşkilatçı Afaq Fərzəlibəyovanın dəvəti ilə Bakıya bir günlük gələn əksər türk ulduzları bu səhər İstanbula yola düşüblər. Əldə etdiyimiz məlumata görə, təkcə aktyor Erkan Petekkaya paytaxtımızda qonaq kimi qalmağa üstünlük verib.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti