...

Xumar Qədimova: "Mən su daşıyıram qırıq səhəngdə" (fotosessiya)

Mədəniyyət Materials 28 Noyabr 2011 14:27 (UTC +04:00)
Azərbaycanın populyar müğənnisi və bəstəkarı Xumar Qədimova yaxın günlərdə maraqlı və böyük layihələrlə tamaşaçı qarşısına çıxacaq.
Xumar Qədimova: "Mən su daşıyıram qırıq səhəngdə" (fotosessiya)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın populyar müğənnisi və bəstəkarı Xumar Qədimova yaxın günlərdə maraqlı və böyük layihələrlə tamaşaçı qarşısına çıxacaq. Sənətçi pərəstişkarlarını gözləyən yeniliklər haqqında Trend-ə danışmaqda maraqlı oldu.

"Əvvəla, onu deyim ki, "Yarım" adlı yeni mahnım artıq musiqisevərlərin ixtiyarındadır. Sözləri Məhəbbət xanıma, musiqisi mənə məxsusdur. Çox gözəl sözləri var: "dünyanı görürəm mən iki rəngdə, musiqi dinlərəm eyni ahəngdə... Mən su daşıyıram qırıq səhəngdə, gəl, dünya rəngini dəyişsin, yarım". Yəni yoxsan, dünya rəngsizdir. Doğrudan sevgisiz insan dünyanı rəngsiz görür, hətta ən zəngin musiqi belə monoton, eyni ahəngdə eşidilir. Və ya "mən su daşıyıram qırıq səhəngdə..." Səhəng qızıl da ola bilər, lakin yarsız o qırıq səhəngdir. "Gəl, dünya rəngini dəyişsin, yarım". Burda da sevgini ifadə etmişik. Söhbət bütöv sevgidən, sevməyi bacaranlardan gedir. Əsl sevgini bilən vətənini, ailəsini və bəşəriyyəti sevə bilir. Sevməyi bacaran insanlardan qorxmaq lazım deyil!", - Xumar Qədimova dedi.

Müğənninin sözlərinə görə, yalnız musiqiləri ilə tanınmaq və müzakirə olunmaq istəyir. "Sənətə gəldiyim vaxtdan sənətlə ortada olmağı istəmişəm və buna da nail olmuşam. Şəxsi həyata qalsa, həyat tərzimi və məişət hadisələrini mətbuata çıxarsam, onda gərək bütün gün məndən yazıla. Gündəlik həyatımda çox hadisələr baş verir. Belə şeylərlə gündəmə gəlməyi sevmirəm. Gərək elə bir mahnı olsun ki, onunla sözümü deyim, möhür vurum. Populyar mahnı da hər şey demək deyil, qulağa xoş, ürəyə yatan və bir müddət sonra unudulan mahnıları oxusam, rahat ola bilmərəm. Mahnı gərək insanları öz arxasınca aparsın. Həmişə bunu istəmişəm və şükür Allaha ki, nail ola bilmişəm. Hətta sənətimdə fasilələr də olanda ortaya çıxaracağım mahnıya güvənmişəm. Bilmişəm ki, elə bir mahnı çıxaracam ki, o boşluğu dolduracaq", - Qədimova əlavə etdi.

Xumar görəcəyi işlər barəsində də məlumat verdi. "Yeni nəğmələr olacaq. Yanvar ayında sözləri Cəlal Qurbanova, musiqisi mənə məxsus olan böyük bir kompazisiyanı təqdim etməyə hazırlaşıram. Bir neçə sənət adamları mənimlə birlikdə bu layihədə iştirak edəcəklər. Başqa bir sənətkarla nəğməm gözlənilir. İki aydır ki, bu işlə məşğuluq. Bu böyük, gözəl iş olacaq. Bir də Sona Vəliyevanın sözlərinə yeni bir sərbəst vəznə musiqi bəstələmişəm. Sərbəst vəznə musiqi bəstələmək asan deyil. Mahnı vətənpərvərlik nəğməsi olacaq. Mövzusu hər insanın arzusudur.

Reallıqda da inşallah bu arzuya çatarıq, qələbə əzmli bir musiqi olacaq. Bu mahnını da adını hələlik açıqlamaq istəmədiyim bir sənətçi ilə birlikdə ifa edəcəyik. Klip çəkilişləri gedir, ssenari qurulub, onun ardınca növbəti mahnımın klip çəkilişinə start veriləcək", - müğənni fikirlərini belə tamamladı.

Sonda Xumar Qədimovanın fərqli tərzdə reallaşdırdığı yeni fotosessiyasını təqdim edirik.

Xəbər lenti

Xəbər lenti