Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir M.Əliyev/
Bu həftənin sonundan "Eurovision-2012" Mahnı Müsabiqəsi üçün boş qalmış yerlərə biletlərin kassa satışına başlanacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda "Eurovision-2012" Mahnı Müsabiqəsi ilə bağlı keçirilən mətbuat konfransında məlumat verilib.
Məlumata görə, satış köşkləri - Heydər Əliyev Sarayının kassaları, Nizami 68, "Azərbaycan" kinoteatrı yanında, Hökumət Evininin yanı, Akademik Opera Balet Teatrı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında olacaq.
Artıq bu gündən "Eurovizion -2012" Mahnı Müsabiqəsi keçiriləcək "Baku Cristal Hall"da müsabiqə tərəfdaşı olan şirkətin müsabiqəyə hazırlıq işləri başlanılıb.
Şounun aparıcıları ötən il Azərbaycana qalibiyyət gətirən Eldar Qasımov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşı Leyla Əliyeva və Nərgiz Birk-Petersendir.
Mətbuat konfransında verilən məlumata görə, yerli və xarici media nümayəndələrinin akkreditasiyası aprelin 20-də başa çatır, sonra akkreditasiyadan keçmiş jurnalistlərə məktub göndəriləcək.
Mətbuat mərkəzinin tikintisi başa çatıb. 5 min kvadrat metrlik mərkəzdə mətbuat işçiləri üçün hər cür şərait yaradılıb.
Tədbirdə, həmçinin qeyd olunub ki, "EuroClub"-un mayın 13-dən açılışı olacaq. "EuroVillage" isə mayın 19-26-da fəaliyyət göstərəcək.