Azərbaycan, Bakı, 4 may /Trend, müxbir V.İmanov/
Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Gəmi təmiri zavodunun ərazisində rəssam Əli Həsənovun "Arsenium" multimedia incəsənət layihəsinin təqdimatı olub.
Trend-in məlumatına görə, rəssam Əli Həsənov qonaqları salamlayaraq onun layihəsinə göstərilən diqqətə görə təşəkkürünü bildirib. "012 Baku Public Art Festival" çərçivəsində təşkil olunan tədbirdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, "ÜNS Yaradıcılıq Səhnəsi"nin bədii rəhbəri professor Nərgiz Paşayeva, "YARAT!" təşkilatının yaradıcısı Aida Mahmudova, tanınmış rəssamlar və ictimai xadimlər iştirak ediblər.
Rəssam Əli Həsənovun "Arsenium" adlı 15 dəqiqəli multimedia incəsənət layihəsi Dövlət simfonik orkestr və xorun müşayiəti ilə nümayiş olunub. Layihə akademik musiqi dairələri üçün əhəmiyyətli olan keçən əsrin əvvəllərinin avanqard bəstəkarı Arseniy Avraamovun "Fitlər simfoniyası" əsərinin Bakıda ilk dəfə ifa edilməsi kimi tarixi fakta əsaslanır. "Arsenium" layihəsi "Fitlər simfoniyası"nın yenidən qurulmuş versiyası deyil, Bakının mədəni həyatının bu əhəmiyyətli faktına ithaf edilən əsərdir.
Nəzərdə tutulduğu kimi, layihənin əsasını psevdoxronika üslubuna riayət etməklə və mifologiya elementlərindən istifadə etməklə hazırlanan video-animasiya təşkil edir. Musiqi Əli Həsənov və Natalya Qonçarova tərəfindən bəstələnib. Layihənin səs ünsürü özündə məxsusi olaraq dəvət edilmiş tusiyalı musiqiçi və bəstəkar Arseniy Trofim (təsadüfi oliaraq Avramovun adaşı), Bakı xorunun, habelə mis nəfəs alətləri orkestrinin ifasında müasir elektron musiqini təqdim edir. Müvafiq ab-hava yaratmaq üçün həmin ifa Bakı şəhəri gəmi təmiri zavodunun meydançasında təqdim ediləcək.
Rus sovet bəstəkarı və musiqi nəzəriyyəçisi, öz dövrünün görkəmli incəsənət xadimlərindən biri, musiqidə ultraxromatik temperasiyanın banisi Arseniy Avraamov müasir dünyada klassik, hamı tərəfindən qəbul edilən musiqi kanonları və alətlərinin qeyri-qənaətbəxş olduğunu iddia edir və onları daha müasir nümunələrlə əvəz etməyi təklif edirdi. Bakının geniş şəhər meydanları Avraamov tərəfindən meqa-konsertin ilk ifası üçün təsadüfən seçilməmişdi, çünki o, hesab edirdi ki, şəhərin sənaye inkişafı və landşaft xüsusiyyətləri bəstəkarın ideyasının həyata keçirilməsi üçün mükəmməl meydança yaradır. Bakı simfoniyası 7 noyabr 1922-ci ildə bütün Xəzər gəmiçiliyi, iki artilleriya batareyası, bir neçə piyada rota, pulemyot rotası, avtomobillər və bir neçə hidroplan, habelə 200 ifaçıdan ibarət hərbi orkestr və xorun iştirakı ilə ifa edildi.
"Fitlər simfoniyası" Arseniy Avraamovun ən məşhur əsəridir. Belə hesab olunur ki, o, XX əsrin ortalarında "konkert musiqi"nin yaranacağını əvvəlcədən xəbər verib. Bakıdakı premyeradan sonra "Fitlər simfoniyası" Moskvada da ifa olunub. Avraamovun özü simfoniyanı yaratdıqdan və ifa etdikdən sonra 1923-1926-cı illərdə Dağıstanda, sonra isə Moskvada yaşayırdı. O, ilk Sovet kinofilmlərinin yaradılmasında iştirak edirdi, 1941-ci ildən etibarən isə Rus xalq xoruna rəhbərlik edirdi.
"012 Bakı Public Art Festival"da 21 tanınmış, həm də yeni fəaliyyətə başlayan rəssamlar iştirak edirlər. Onlar şəhərdə tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdirirlər və onları qədim şəhərin ictimai yerlərində sərgiləyəcəklər. Martın 9-dan başlayaraq layihə 21 həftə müddətində davam edəcək. Layihə çərçivəsində hər cümə günü iştirakçı rəssamlardan biri müəllifə öz əsərlərini yaratmağa ilham verdiyi yerlərdə təqdim edəcək. Öz əsərlərini açıq şəkildə təqdim edən rəssamlar qalereyaların və muzeylərin yaratdığı məkan məhdudiyyətdən azad olmaqla özləri üçün yaradıcılıq sərbəstliyini təmin edir və geniş auditoriyanın diqqətini cəlb edəcəklər.
Aşağıda qeyd olunan iştirakçıların işləri sərgidə nümayiş olunub: Altay Sadıqzadə, Ağa Hüseynov, Fuad Salayev, Məmməd Mustafayev, Hüseyn Haqverdi, Mahmud Rüstəmov, Teymur Daimi, Niyaz Nəcəfov, Mehdi Məmmədov, Rəşad Ələkbərov, Əli Həsənov, Aida Mahmudova, Faiq Əhməd, Leyla Əliyeva, Fərid Rəsulov, Sitarə İbrahimova, Rəşad Babayev, Nail Ələkbərov, Orxan Hüseynov, Nəzrin Məmmədova, Şərqiyyə Rəhmanlı.
Festivalda iştirak edən rəssamların əksəriyyəti gənc nəslin nümayəndələridir və onlar yaşlı nəsillə birlikdə zəngin mədəni irslə əlaqəni qoruyaraq müasir Azərbaycan incəsənətinin inkişafı üçün çalışırlar. Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq, tamaşaçıya sanki bu, rəssamın fərdi sərgisidir kimi hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaq.
"012 Bakı Public Art Festival" çərçivəsində bir sıra mükafatlara layiq görülmüş gənc kinorejissor Rüfət Həsənov layihənin daxili həyatı və inkişafı haqqında sənədli film çəkəcək. Film "012 Bakı Public Art Festival"ın sentyabrda bağlanış mərasimində göstəriləcək.
2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan "YARAT!" qeyri-kommersiya təşkilatı Azərbaycanın müasir incəsənətinin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur.